Ermənistan kütləvi informasiya vasitələrində bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal edilmiş ərazilərindəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması barədə məlumat yayılıb. 

Unikal.org xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bununla əlaqədar deyib:

"Ermənistan KİV-də barələrində bəhs olunan İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo, Böyük Britaniyanın Blandford Tarix Muzeyinin əməkdaşı Tania Kinq və bu ölkənin Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus bir müddətdir ki, qanunsuz olaraq Azərbaycanın işğal edilmiş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldurlar.

Bu şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib ölkəmizin müvafiq dövlət qurumlarının lisenziyası olmadan Azıx mağarası ərazisində qazıntı işləri aparırlar. Bu zaman aşkar edilmiş tarixi və arxeoloji maddi-mədəniyyət nümunələrini və ya onlara dair məlumatları Azərbaycan Respublikasının sərhədindən gömrük nəzarətindən kənar - gizli və aldatma yolu ilə keçiriblər. Onların bu kimi hüquqazidd əməlləri Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin də ciddi şəkildə pozulmasıdır.

Bu kimi fəaliyyətləri ilə onlar beynəlxalq humanitar hüququ, UNESCO-nun "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi haqqında 1954-cü il Konvensiyası və "Mədəni mülkiyyətin qanunsuz idxalı, ixracı və onun üzərində sahiblik hüququnun ötürülməsinin qadağan edilməsi vasitələri haqqında 1970-ci il Konvensiyasının müddəalarını da kobud şəkildə pozublar.

1954-cü il Haaqa Konvensiyasına 1999-cu ildə qəbul edilmiş İkinci Protokol isə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması dairəsini daha da genişləndirib. Protokolun 9-cu bəndi işğalda iştirak edən tərəfin üzərinə "işğal edilmiş ərazilərə münasibətdə mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi və qarşısının alınması kimi öhdəlik qoyur.

Təəssüflər olsun ki, İspaniyanın Milli Təbii Elmlər Muzeyi, Böyük Britaniyanın Blandford Tarix Muzeyi öz əməkdaşlarının Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq konvensiyalara zidd əməllərinin qarşısını almaq üçün zəruri tədbirlər görmürlər.

Azıx mağarasında aparılan qanunsuz tədqiqatların "rəhbərlərindən biri Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyandır.

Həmin şəxsin bu günlərdə rasizm xarakterli bəyanatla çıxış edərək Azıx mağarasından qanunsuz arxeoloji fəaliyyət nəticəsində tapılan və 7000 il yaşı olduğu iddia edilən DNT izinin müasir "erməni genetikasi ilə uyğunluq təşkil etməsi barədə fikri dünya arxeologiya və antropologiya elminə qarşı təhqirdir, bütün mənəvi-etik çərçivələrdən kənardır. Ümumiyyətlə, Ermənistanın siyasi rəhbərliyi və elmi dairələrinin "erməni genetik kodlarına bu dərəcədə aludəçiliyi yalnız alman faşistlərinin "ari irqi kimi təhlükəli genetik maraqları ilə müqayisə oluna bilər.

Levon Yepiskopyanın rəhbərliyi altında bu əcnəbi vətəndaşların Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz şəkildə apardıqları arxeoloji qazıntı işləri barədə "Springer nəşriyyatı 2016-cı ildə "Azıx mağarası və Transqafqaz dəhlizi adlı kitab dərc edib.

Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan Respublikası beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhv edilməsi və mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir.

Bu kimi qanunsuz fəaliyyətlərinə görə Yolanda Fernandez-Xalvonun, Tania Kinqin və Pitr Endryusun adları hələ bir müddət bundan əvvəl "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısına daxil edilib.

Bununla bərabər, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, onlar barəsində digər zəruri hüquqi addımların atılması kimi tədbirlər də nəzərdən keçirilir.