Rusiya aqressiv siyasətini davam etdirsə, onu parçalanma gözləyir.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu Estoniyanın "Postaymis" qəzetinə müsahibəsində amerikalı tarixçi Yuri Feltişinski söyləyib. Onun sözlərinə görə, Rusiya hazırda postsovet məkanında çoxsaylı konfliktlərin təşəbbüskarıdır:
"Rusiyanın gələcəyini proqnozlaşdırmaq çox asandır. Rusiya Federasiyası parçalanacaq. Məsələ, sadəcə, zamandadır. Rusiyalı liderlər hesab edirlər ki, onlar hər kəsi udacaqlar. Onların siyasi oyunlarının əsas aləti blefdir. Onlar "rus ordusu güclüdür, etnik rusların müəyyən faiz dərəcəsilə məskunlaşdığı sovet əraziləri öz azadlığı uğrunda savaşmayıb təslim olacaqlar, NATO öz üzvlərini III Dünya Müharibəsinə görə müdafiə etməyəcək, Rusiya küncə sıxışdırılsa, atom silahı tətbiq edib, özünü və hamını məhv edəcək" şəklində təbliğat aparırlar. Vladimir Putinin xarici siyasət proqramının əsas məqsədi maksimal dərəcədə qonşu dövlətləri tutmaqdır. Çeçenistan, Gürcüstan və Ukrayna olayları ABŞ-la Avropanın fəaliyyətsizliyi ucbatından qurulan yeni dünya nizamının başlanğıcıdır. Rusiya Çeçenistanda iki hərbi kampaniya apardı, Gürcüstana girdi, Krımı ələ keçirdi. Bütün bu əməliyyatlar dünya güclərinin səssiz razılığı ilə baş tutdu".