Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Unikal.org xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, jurnalistə 5 il şərti həbs cəzası verilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə zalından azdlığa buraxılan Rauf Mirqədirov jurnalistlərə açıqlamasında onu müdafiə edənlərə təşəkkür edib, səhhətində problemlər olduğunu deyib.
R. Mirqədirov bildirib ki, məhkəmənin şərti qərar qəbul etməsi bərəat almaq demək deyil: "Bəraət almağa çalışacağam".
Qeyd edək ki, R.Mirqədirov 2014-cü ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, həmin hökmdən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.