İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri bildirib ki, Hörmüz boğazı vasitəsilə təhlükəsiz gəmiçilik yalnız İranın rəsmi şəkildə müəyyən etdiyi marşrutlar üzrə mümkündür.

"Unikal" xəbər verir ki,  bəzi qurumlar İranı məlumatlandırmadan və ya onunla koordinasiya aparmadan Hörmüz boğazında yeni gəmiçilik marşrutları elan ediblər. SEPAH bunu qəbuledilməz və son dərəcə təhlükəli addım kimi qiymətləndirib.

Bəyanatda vurğulanıb ki, Hörmüz boğazından tranzit üçün yeganə icazə verilən marşrutlar İran tərəfindən rəsmi şəkildə müəyyən edilən dəhlizlərdir.

SEPAH bütün gəmiləri elan olunmuş marşrutlardan kənarda hərəkət etməməyə çağırıb. Bildirilib ki, bu marşrutlardan kənarda naviqasiya qadağandır və ciddi təhlükə yaradır.

Həmçinin qeyd olunub ki, Hörmüz boğazından keçmək istəyən gəmilər üçün SEPAH Hərbi Dəniz Qüvvələri ilə 16-cı radio kanalı vasitəsilə əlaqələndirmə məcburidir. Qaydaları pozan gəmilərə qarşı isə məcburi tədbirlərin görüləcəyi xəbərdarlığı edilib.