"Ölkəmizdə iqtisadi aktivliyin dəstəklənməsi məqsədilə həyata keçirilən tarif siyasətinin əsas prioritetlərindən biri müxtəlif sahələr üzrə azadolma mexanizmlərinin tətbiqidir. İllər üzrə dinamikaya nəzər saldıqda aydın olur ki, bu azadolmaların nəticəsində bir sıra sahələrdə iqtisadi canlanma müşahidə edilir".

"Unikal" xəbər verir ki, bunu "Report" və İTV-nin suallarını cavablandıran Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov deyib.

"Təbii ki, biz gömrük orqanı olaraq bu prosesi xidmət xətti üzrə izləyirik. Eyni zamanda bu məsələyə məsul olan qurumlar və nazirliklər də bunu mütəmadi qaydada nəzərdən keçirərək öz qiymətləndirmələrini həyata keçirirlər. Biz isə məhz gömrük xətti vasitəsilə bu prosesi izləyirik.

Vurğulamaq istərdim ki, azadolmaların həcmi doğrudan da olduqca böyükdür. Əvvəl də qeyd etdiyim kimi, onların məqsədi iqtisadi aktivliyin stimullaşdırılmasına, əlavə dəyərin yaradılmasına, istehsal güclərinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına yönəlib. Bu azadolmalar həm sahələr, həm də əmtəə qrupları üzrə tətbiq edilir.

2025-ci ildə idxalın həcmi 18,1 milyard ABŞ dolları olduğu halda, 29,5 % əlavə dəyər vergisi üzrə, 52,5 %-i isə gömrük rüsumları üzrə azadolmalar tətbiq edilib. Bu isə 3 milyard 424 milyon manat məbləğindədir. Bu kifayət qədər böyük rəqəmdir. 2026-ci ilin müvafiq dövründə, yəni 5 aylıq müddətdə də bu faizlər eynilik təşkil edir.

Məhz buna görə bu məsələnin effektivliyi ilə bağlı hökumətimiz tərəfindən müvafiq müzakirələr həyata keçirilir.

Hazırda tarif dərəcələrinin azaldılması kontekstində hər hansı yeni təşəbbüs mövcud deyil. Mövcud tarif azadolmaları artıq büdcə paketi çərçivəsində təsdiqini tapıb. Biz isə azadolmaların səmərəliliyini ölçülməsi üçün işlər aparırıq ki, onların iqtisadi artıma və məhsul istehsalına hansı dərəcədə töhfə verdiyini müəyyən edək.

Başlıca məqsəd iqtisadi tənzimləmə alətləri vasitəsilə ixrac potensialının artırılmasıdır. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, bunun üçün müvafiq istehsal gücləri mövcud olmalıdır. Bundan başqa, Azərbaycanda ənənəvi istehsalı olmayan və xarici ölkələrdən tədarükü zəruri olan malların idxalı da təmin edilməlidir.

Bu məqamda idxalın strukturunu təhlil etmək lazımdır. Təbii ki, fikir bildirmək istəyirəm ki, idxala hər zaman ehtiyac var və olacaq. Ancaq burada əsas məsələ onun hansı növdə və hansı strukturda olmasıdır.

Struktura diqqət yetirsək, görərik ki, azadolmaların böyük hissəsi hazır məhsullara deyil, sənaye avadanlıqlarına, ehtiyat hissələrinə və aralıq məhsullara şamil olunur. Bunlar son məhsulun istehsalı prosesində istifadə olunan mallardır. Yəni söhbət əsasən avadanlıqlardan gedir. Bununla yanaşı, müxtəlif sahələrdə tətbiq olunan aralıq məhsullar da mövcuddur.

Bütün bunların əsas hədəfi isə son nəticədə gələcəkdə ixrac imkanlarının genişləndirilməsinə xidmət etməkdir. Hesab edirik ki, bu yanaşma davamlı olaraq nəzərdə saxlanılır.

Biz müxtəlif institusional görüşlərdə, fərqli səviyyələrdə keçirilən müzakirələrdə bu məsələləri nəzərdən keçiririk və hökumətimiz bu sahədə lazımi qərarları qəbul edir", - deyə DGK sədri qeyd edib.