25 iyun 2026-cı il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Azərbaycan ordusu müstəqilliyimizin dayağı, xalqımızın qürur mənbəyidir” adlı tədbir təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailə üzvləri, müharibə iştirakçıları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə şəhər mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb, onların əziz xatirələri ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Silahlı Qüvvələr Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində əsası qoyulan və formalaşan Azərbaycan Ordusu bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında özünün ən qüdrətli dövrünü yaşayır və dünyanın ən güclü orduları sırasındadır. O, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlığın Azərbaycan əsgərinin sarsılmaz iradəsinin, rəşadətinin və yüksək döyüş hazırlığının əyani sübutu olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, Neftçala rayonu da hər zaman öz vətənpərvər övladları ilə fəxr edib, torpaqlarımızın azadlığı naminə canını fəda edən şəhidlərimizin xatirəsini daim uca tutur. Qeyd olundu ki, 26 iyun tarixi həm də rayonumuz üçün ikiqat qürurlu gündür. Bu tarixdə cəsur təyyarəçi, səmada dastan yazan igid həmyerlimiz, Azərbaycanın hərb tarixinə adını əbədi həkk etmiş unudulmaz qəhrəmanımız — Azərbaycanın Milli Qəhrəmanı Zakir Məcidovun doğum günüdür.
RİH-nin başçısı dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən qayğının rayonumuzda da hər zaman ən yüksək səviyyədə diqqət mərkəzində saxlanıldığını qeyd edib və müstəqilliyimizin dayağı olan hərbçilərimizə çətin, eyni zamanda şərəfli xidmətlərində yeni-yeni uğurlar və qələbələr arzulayıb.
Daha sonra çıxış edənlər - Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, şəhid kapitan Xəzər Cəfərovun həyat yoldaşı Bülülxanım Cəfərova, II qrup Vətən müharibəsi əlili Yusif Abdullayev ordumuzun qazandığı tarixi qələbələrin xalqımıza bəxş etdiyi sonsuz fərəh hissindən bəhs ediblər. Natiqlər şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun yüksək olduğuna, ordunun güclənməsində dövlət-xalq-ordu birliyinin oynadığı mühüm rola diqqət çəkiblər. Çıxış edənlər Silahlı Qüvvələrimizin müstəqilliyimizin və suverenliyimizin etibarlı təminatçısı olduğunu bir daha vurğulayıblar.
Rəsmi çıxışlardan sonra Silahlı Qüvvələr Günü münasibətilə xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin əməkdaşına və FHN-nin təşkilatçılığı ilə baş tutmuş "Gənc xilasedici və yanğınsöndürən" XIII Ümumrespublika yarışlarının zona birinciliyində qalib gəlmiş Qədimkənd kənd tam orta ümumtəhsil məktəbinin komandasına Neftçala Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub və xatirə şəkilləri çəkilib.
Tədbirin bədii hissəsində Ulu Öndər Heydər Əliyevin ordu quruculuğuna verdiyi əvəzsiz töhfələri, Azərbaycan Ordusunun keçdiyi şanlı tarixi yolu, Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan möhtəşəm tarixi qələbələri əks etdirən “Döyüşçü” sənədli filmi nümayiş olunub.

















.jpg)




































