Novruz bayramı ilə əlaqədar rayonlara, xüsusilə də qərb regionuna səfər etmək istəyən bəzi sərnişinlər problemlə üzləşib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bayramla əlaqədar rayonlara səfər edənlərin sayı kəskin artıb ki, bu səbəbdən bəzi sərnişinlər avtobus və qatarlara bilet tapa bilmir.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı Bakı Beynəlxalq Avtovağzalında bilet çatışmazlığı məsələsinə aydınlıq gətirib: "Məlumdur ki, bayramla əlaqədar xeyli sayda vətəndaş rayonlara üz tutur, sərnişin sayı həddindən artıq çox olur. Buna görə, biz hər kəsə tövsiyə edirik ki, bileti ya onlayn, ya da kassadan bir neçə gün, heç olmasa bir gün öncə alsınlar. Hərdən olur ki, vətəndaş səfərə 30 dəqiqə qalmış gedir avtovağzala, bilet tapa bilmir və bu cür hallarla üzləşir. Çünki biletlər durmadan alınır. 30 dəqiqəlik intervalla istənilən bölgəyə avtobuslar çıxır. Biletin tapılmamağı real deyil".
Dövlət Xidmətinin sözçüsü əlavə edib ki, bayramla əlaqədar sərnişin axınının çoxluğu nəzərə alınıb və 200-250 ehtiyat avtobus saxlanılıb: "Ehtiyac olarsa, həmin avtobuslar xəttə buraxılacaq".