Bu gün Mərkəzi Seçki Komissiyasında Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın deputatlıq mandatının ləğvi məsələsinə baxılması üçün iclas keçirilib.

Unikal.org xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda bu məsələ müzakirəyə çıxarılıb.

Məsələ barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir. Mehriban Əliyeva prosedura müvafiq olaraq MSK-ya müraciət edib.

Daha sonra MSK üzvləri Milli Məclisin bu yerə seçki keçirilməsi üçün təşəbbüslə çıxış etməsini zəruri sayıb.

Daha sonra Mehriban Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, 21 fevral tarixində prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin olunub.

Amid Əyyuboğlu