"Hər bir ana övladı üçün yaşayır. Övladının gələcəyini görmək üçün yaşayır, o da mənə qismət olmadı...

Unikal.org APA TV-yə istinadən bildirir ki, Telli ana Bərdə rayonunda doğulub. Orta təhsillidir. Həyatda elə də böyük, mümkünsüz arzuları olmayıb. Ailə qurub, iki övlad anası olub. İllərlə min bir əziyyətə düçar olmasına rəğmən övladlarını böyüdüb, boya-başa çatdırıb. Ancaq elə uşaqların böyüməsi ilə də həyatı sanki dayanıb Telli ananın. İndi onun gözlərinin içinə baxmaq çox çətindir-¦ Taleyi ilə bağlı hər bir sualın cavabı var bu göz yaşları ilə dolu baxışlarda-¦ İki balasını da torpağa tapşırıb, qara torpağa-¦ İndi bu ağrılarla da olsa, yaşamağa məcburam - deyir Telli ana. Məcburam, çünki övladlarımın balaları üçün yaşayıram.

Qızı Mənsurə 1982-ci ildə, oğlu Elgün isə 1985-ci ildə doğulub: "Uşaqlar böyüdü, qızım 20 yaşında ailə qurdu. Uşağı oldu, oğlu Cavid beş yaşında olanda xəbər tutdum ki, Mənsurə xərçəngdir. Elə o xəstəliklə də getdi. Qida borusunda idi. Əməliyyat elədilər, onu götürdülər. Qızımda lap birdən bildik bu xəstəliyi. Heç kimin ağlına gəlmədiyi bir şey oldu qızımda.

Xərçəngdən əziyyət çəkən qızı Mənsurəyə bütün varlığı ilə kömək etməyə çalışan ananın əziyyəti bir elə bir ciddi nəticə vermir. Əməliyyatdan sonra çox çətinliklə qida qəbul edən və kəskin ağrılarla yaşayan Mənsurə, 14 aylıq mübarizədən sonra xəstəliyə təslim olur. Gənc qadın 5 yaşlı övladını da, anasını da gözüyaşlı qoyub həyatla vidalaşır. Telli ana qızından ona yadigar qalan Cavid balaya gözünü dikir. Körpə vaxtından anasız qalan Cavid, atasının yox, nənəsinin himayəsində böyüməyə başlayır. Bir müddət sonra Cavidin əqlinin yaşıdlarından daha zəif inkişaf etdiyi məlum olur. Telli ana bu dəfə də nəvəsinin normal həyat yaşaması üçün mübarizəyə başlayır. Bu mübarizə artıq illərdir davam edir: "Cavid nevroloji problemlidir və mütəmadi olaraq müalicə olunub. Uşağı nevroloji xəstəxanada Gülarə həkim müalicə edib. Cavid məktəbə də getdi, heç nə anlaya, yaza, oxuya bilmədi. Apardıq Narınc klinikasına, sonra apardıq şəhərə. Narınc klinikasına gedib-gələndən sonra bir az əli qələm tutdu, özünü idarə edə bildi.

"Həkimlərə getdim, yalvardım, heç biri bir ümid vermədi

Vəfat etmiş qızının balasına başı qarışan Telli ana, bu dəfə oğlu Elgünün çarəsiz xəstəliyə düçar olduğunu öyrənir. Həyatında növbəti dəfə bala itkisinin faciəsi ilə üzləşəcəyinə inanmır ana. Yaşamaq uğrunda mübarizə aparan balası üçün Allaha dua etməkdən usanmır: "Əvvəlcə ağ ciyərlərində vərəm oldu. Sonra da boğazında xərçəngə çevrildi. Heç nə edə bilmədik, heç nə. Nə bilim, bilmirəm heç nə deyim. Ən çox oğlum həyatdan doymadı. Qızım hiss eləmirdi. Ona başa salırdım ki, sən yaxşı olacaqsan. Amma oğluma verə bilmirdim, bu ümidi. O qədər həkimlərə getdim, yalvardım, heç biri bir ümid vermədi.

Oğlunun 1 ilə yaxın xəstəliklə çarpışaraq yaşadığını ürək ağrısı ilə izləməyə məhkum olub Telli ana. İki körpə balası olan Elgün, ötən il, noyabrın 28-də həyatla vidalaşır. Və Telli ana növbəti övladını qara torpağa verməli olur... Həyatda çarəsizlik qədər çətin durum və hiss yoxdur. Məhz bu çarəsizlikdən Telli ana ikinci balasının da əlini buraxmağa məcbur olur. Mücadilənin heç bir müsbət nəticə verə bilməməsi dəhşətli sonluqdur. Gözü önündə balalarının bu çarəsiz xəstəliyə məğlub olmalarını izləmək Telli ananın ürəyini dağlayıb məhv edir: "Bir ananın iki övladını da itirməsi nə deməkdir, izah edə bilmirəm. Özümü qınayıram, qınayıram ki, mən övladlarımı saxlaya bilmədim. Övladlarımı bu həyatda saxlaya bilmədim. Oğlumun müalicəsi dövründə ona hər cür kömək etməyə çalışdıq. Tək mən yox, bütün qohumlar. Onun dava-dərmanını edirdik, amma xeyri olmadı.

Bu gün Telli ananın narahatçılığı övladlarından qalan bu üç nəvəsi ilə bağlıdır. Əsas da Caviddən narahatdır. Cavid hazırda 11 saylı xüsusi məktəbə gedib, nələrsə öyrənməyə çalışır. Cavidin indi ciddi psixoloji müalicəyə ehtiyacı var. Onun barmaqlarını hiss etməməsi və tərpədə bilməməsi Telli ananı məhv edir. O, uşaq vərdişlərindən əl çəkmir, sanki böyümür. Ona qoyulan diaqnoz isə əqli cəhətdən gerilikdir. Cavidin arxasında əmi yox, ata yox, dayı yox. İstəyirəm mən olmayanda o özü öz ayağı üzərində dayanmağı bacarsın. Oğlum xəstəliyə düşdü, nəvələrim özüm. Elə dövr gətirdi ki, oğlumdan qalan iki nəvəm 6 ay xəstəxanalarda qaldı. Həmin müddətdə də heç cür imkan edib Cavidi apara bilmədim.

"Cavid kimi uşaqları tək qoymaq olmaz, kim onu tək qoya bilər ki?

Telli ana deyir ki, nə övladlarında aşkarlanan xərçəng xəstəliyi, nə də Caviddəki əqli zəiflik nəsildə kimsədə olub. Bu bəla ailədə yalnız onun balalarını tapıb və həyatlarına son qoyub. Cavidin gələcəyindən çox narahat olan Telli ana, bu gün nəvəsi üçün kömək istəyir. Telli ananın yaşadığı faciə yetməzmiş kimi indi o maddi çətinlikdən də əziyyət çəkir. Bu səbəbdən də Cavidi mütəmadi olaraq müalicələrə apara bilmir gözüyaşlı nənə: "Caviddə çox qorxu var idi. Həmişə mənə bitişib qalırdı. Böyük uşaq idi, amma nə eşiyə çıxırdı, nə də bir yerə gedirdi. Hara getsəm gərək mən onu özümlə aparaydım. Cavid kimi uşaqları tək qoymaq olmaz, kim onu tək qoya bilər ki?

Cavidin həyatında ən dəhşətli yaşantılardan biri də, atasının xəstə oğlu ilə maraqlanmaması, ona qayğı, diqqət göstərməməsidir. Körpəlikdən anasız qalan Cavid, atalı atasızdır həm də: "Atası da var, atasının qardaşları da var, anasının anası da var. Amma bu müddət ərzində heç biri gəlib deməyim ki, bizim burda uşağımız var. Nə bayramda, nə adi günlərdə heç biri Cavidlə maraqlanmayıb.

Bu gün Telli ana nəvələri ilə nəfəs alır və onlar üçün dua edir. Deyir həyatdan aldığı zərbələrə və üzləşdiyi faciələrə rəğmən yaşamalıdır. Çünki bu körpələr və Cavid gözlərini yalnız nənələrinə dikiblər. Oğul nəvələri olan Nurayın və Mənsurun da səhhətində problemlər var. Mənsur uzun müddət atasından ona keçən vərəmə görə xəstəxanalarda yatıb. 3 yaşlı Nuray isə böyrəyindəki problemlərdən əziyyət çəkir: "Onsuz da oğlumdan sonra göz yaşım qurumur. Hərdən deyir nənə niyə ağlayırsan? Nə deyim bilmirəm. Həyatdan yeganə istədiyim odur ki, Cavid yeniyetmələr kimi özünü idarə etsin. Ona kömək istəyirəm, bir də nəvələrimin sağlam böyümələrini Allahdan istəyirəm. Həyatda öz ayaqları üzərində durmaqlarını istəyirəm. Cavidi fikirləşəndə lap dəli oluram. Sabah onun vəziyyəti necə olacaq.

"Xəyalımdan belə keçməzdi ki, mənim axırım belə olacaq

Telli ana bu gün sadəcə cismən yaşadığını deyir. Həyatını danışdıqca axan göz yaşları onun bu dünyaya səssiz etirazı, üsyanıdır sanki. Ömrü xəyallarının alt-üst olduğu həyatla mübarizədə keçən ananın çarəsizliyinin təsdiqidir bu göz yaşları...

Telli ananın ürək dağlayan həyatını hətta xəyalən yaşamaq belə insanı vahiməyə salır. İki balasını da itirən ananın yaşantılarının acısını onun çarəsiz, titrək səsində duymaq çox üzücüdür: "Heç zaman xəyalımdan belə keçməzdi ki, mənim axırım belə nəticələnəcək. Mənim iki övladım da əlimdən gedər. Heç zaman xəyalıma belə gəlməzdi...

Həyatdan heç nə gözləməyən Telli ana, Cavidin sağalmasını və normal həyat yaşamasını bu gün hər şeydən çox arzulayır. Arzuları yalnız nəvələri ilə bağlıdır Telli nənənin. Özü üçün heç nə istəmir tanrıdan, yalnız nəvələri üçün. Onlara ümidli və xoşbəxt gələcək diləyir Telli nənə hər duasında. Nə qədər çətin olsa da, o gələcəyin gələcəyini gözləyir. Və həmin gələcəyin naminə yenə də bütün xəyallarını puç edən həyatla əl-ələ verib o...