Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında qanuna əlavələr müzakirəyə çıxarılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu, ötən il Konstitusiyaya edilmiş dəyişikliklərdən irəli gəlir.

Layihəyə əsasən, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır. İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqan rəhbərinin vəzifəsi, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.

Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir.

Layihə səsə qoyularaq qəbul olunub.