Azərbaycanda 1 ilə yaxındır ki, valyutadəyişmə məntəqələrinin ləğvi nəticəsində "qara bazar"da vətəndaşlarımızın aldadılması, valyutaların yüksək faizlə dəyişdirilməsi məsələləri gündəmdə idi və vətəndaşlarımız da bundan əziyyət çəkirdi. Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında "Valyuta tənzimi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
S.Novruzov ölkəmizdə əvvəl mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsini təklif edib: "Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib problemi həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa, o zaman bununla bağlı təqdimat verilsin".
Ölkəmizdə bir il müddətində 1000-dən artıq valyutadəyişmə məntəqəsinin fəaliyyətinin dayandırıldığını deyən millət vəkili qeyd edib ki, bunun nəticəsində çoxlu sayda insanlar işsiz qaldı, pullar isə "qara bazar"da dövr etdi.