Ölümlə yatıb, ölümlə ayılan şəhər
13:03 13-07-2012
İQTİSADİYYAT
Ölümlə yatıb, ölümlə ayılan şəhər
30 şəhərin içində birinci və ya dünyada anoloqu olmayan paytaxt
“Helikopterlə Nargin adasına çəkilişə getmişdik. Geri qayıdanda düşündüm ki, dənizdən Bakıya açılan mənzərə maraqlı olmalıdır və bir-iki kadr da çəkərəm. Amma şəhərə yaxınlaşdıqca nə qədər boylandımsa, şəhəri görə bilmirdim. Fikirləşdim ki, yəqin, hələ Bakıya çox var. Amma düşündüm ki, “Ola bilməz axı, Bakıdan baxanda Nargin aydınca görünür. Bəs bu şəhər hara qeyb oldu?” Narahatlığımı pilota bildirəndə gülüb qarşıdakı qara dumanlı göstərdi: “Şəhər o dumanın altında qalıb”. Və başa düşdüm...Bakının üzərinə o qədər qara duman yığılmışdı ki, şəhər görünmürdü. Avtomobillərin qazından yaranan duman...”
Bu mənzərənin şahidi olmaq üçün uzağa getmək lazım deyil. Sadəcə, yaşadığım Mehdiabad qəsəbəsindən səhər-səhər Bakıya baxmaq da kifayət edər. Adam, həqiqətən də, dəhşətə gəlir və düşünürsən ki, “Bu şəhərdə öz evlərində yatmış yorğun-arğın zəhmətkeş və dözümlü insanlar səhərəcən bu qara zəhərli dumanın içində yatırlar.
Və qəribədir ki, təxminən, səhər saat 09.00-dan sonra havadakı zəhər kütləsi yox olur. Daha doğrusu, yox olmur, şəhərə çökür...
Heç kimdən (təkcə Bakı sakinlərindıən başqa...) gizlətməli deyil ki, Azərbaycan paytaxtı dünyanın ən çirkli 30 şəhəri sırasında birincidir.
Bakının mərkəzindən havanı korlayan bir çox sənaye müəssisəsi şəhər kənarına çıxarılsa da, paytaxtın havası yenə də şəhərə ilk dəfə gələnləri “heyrətə salmaqdadır”.
Maraqlıdır ki, hər iki ildən bir açıqlanan sıralamanın 2010-cu ildə dərc etdirilən sonuncu nəşrində çirkli şəhərlər sırasına MDB məkanından yalnız dörd şəhər daxil idi və postsovet məkanından Moskva, Bişkek və Almatı da çirklilər reytinqinin ilk 30-luğuna düşmüşdü. Reytinqin müəllifi “NYC Partnership Consulting” şəhərin çirklilik səviyyəsini bir neçə parametr üzrə qiymətləndirir və şirkətinin açıqlamasına görə, burada birinci yeri atmosfer havasının təmizliyinə verilir. Başqa cür də ola bilməz, çünki hava insana hər an lazım olan və hər an istehlak etdiyi həyat mənbəyidir. Yəni “NYC Partnership Consulting” bu qara siyahıda birinci yer verdiyi Bakının havasının çox çirkli olduğunu vurğulayır.
Bakıda havanın çirkli olduğunu Ekoloji və Təbii Sərvətlər Nazirliyində (ETSN) də təsdiqləyirlər. Nazirliyin rəsmi saytında bununla bağlı deylir: “Bakı şəhəri üçün havanın spesfik çirkləndiricilərindən toz, dəm qazı, azot 4-oksid, his və furfurolun miqdarı ayrı - ayrı günlərdə yol verilən qatılıq həddini ötür”.
Düzdür, ETSN-in saytında bütünlükdə Azərbaycan ərazisində havaya atılan tullantıların miqdarının sovet illəri ilə müqayisədə 3 dəfə azalaraq 3 milyon tondan təxminən 1 milyon ton ətrafına düşməsi də ifadə edilib və bu başa düşüləndir. Sovet illərində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində fəaliyyət göstərən metallurgiya, kimya və maşınqayırma zavodlarının çoxu indi fəaliyyət göstərmir. Lakin saytda yer almış bir məqam çox narahatedicidir. Nazirliyin məlumatına görə, Azərbaycanda havaya atılan tullantıların 75 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür. Məsələn, 2010-cu ildə ölkə üzrə havaya 957 min ton tullantı atılıb ki, bunun da 742 min tonunun (77%-inin) mənbəyi avtomobillərdir. Bu, orta dünya göstəricisindən üç dəfə yüksəkdir - beynəlxalq təşkilatların məlumatına görə, hazırda dünya üzrə istixana qazlarının yalnız 25%-i avtomobillərin payına düşür və beynəlxalq təşkilatlar 2035-ci ildə bu göstəricinin 46%-ə çata biləcəyindən də həyəcanla danışırlar. ETSN saytından o da görünür ki, son illərdə Azərbaycanda havaya atılan tullantıların miqdarı ildən ilə artmaqdadır. Əgər 2002-ci ildə respublika üzrə havaya 0,75 milyon ton tullantı atılırdısa, hazırda bu rəqəm 1 milyon tonun ətrafında dəyişir. Halbuki, son illərdə sənaye sektorunun restrukturizasiyası nəzərə alındıqda, bu, baş verməməli idi, çünki son on ildə ölkə üzrə mazutla işləyən bütün istilik elektrik stansiyaları (İES) havaya qat-qat aşağı tullantı atan buxar-qaz generatorları ilə əvəzlənib. Mənəvi köhnəlmiş bir sıra kimya, maşınqayırma, neft-kimya, tikinti materialı müəssisləri bağlanıb və az sayda açılan müəssisələr isə atmosferi qat-qat aşağı səviyyədə çirkləndirir. Amma bununla belə, ölkə üzrə havaya atılan tullantıların miqdarı artır. Tanınmış ekoloq, Milli Elmlər Akademiyasının (MEA) Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor İslam Mustafayev bunu ölkə üzrə avtomobillərin sayının artması ilə bağlayır: “Əgər Bakıda 2000-ci ildə 400 mindən az avtomobil vardısa, indi 800 mini keçir”. Onun sözlərinə görə, əsas problem avtomobil parkının köhnə olmasındadır. “Mühərriklər saz vəziyyətdə işləmir, qaz-toz tutucu avadanlıqla təchiz olunmayıb. Bir çox hallarda yapon maşınlardan katalik absorbent süzgəcləri baha olduğundan çıxarılır və buna görə də avtomobillərin havaya atdığı tullantıların miqdarı artır”, - deyə alim vurğulayır.
Bu baxımdan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən ölkəyə idxal edilən və ölkədə istehsal edilən yol-nəqliyyat vasitələri üçün “Avro – 3” ekoloji standartlarını təsdiq etməsini irəliyə doğru addım saymaq olar. Qeyd edək ki, hazırda Azərbaycanda “Avro-2” standartları qüvvədədir - Nazirlər Kabineti standartın vaxtını təyin etdikdən sonra həm idxal edilən və istehsal edilən avtomobillər “Avro-3” standartlarına uyğun olacaq. Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyat fakültəsinin dekanı, texnika elmləri namizədi Sülhəddin Gözəlovun sözlərinə görə, “Avro-3”ə keçid nəticəsində avtomobillərin havaya atdığı zərərli komponentlərin miqdarı iki dəfədən çox azalacaq: “Avtomobilin havaya atdığı tullantı qazının tərkibində 5 zəhərli komponent var - karbon qazı, dəm qazı, azot oksidi, karbohidrogen birləşmələri və tüstüləmə. “Avro” standartlarında bu göstəricilər müxtəlif tipli avtomobillər üçün öz əksini tapıb. “Avro-3”ə keçməklə bu komponentlərin miqdarı azalacaq. Məsələn, “Avro-3”də dəm qazının miqdarı “Avro-2”yə baxanda 60-70% faiz azdır”. Alimin sözlərinə görə, bu standartların tətbiqi gələcəkdə avtomobil parkının tərkibinin müsbət istiqamətdə dəyişməsinə səbəb olacaq. Yəni xaricdən “Avro-3”ə uyğun olan köhnə Avropa modellərinin, həmçinin Rusiyada hazırda istehsal edilən bir sıra modellərin Azərbaycana gətirilməsinə qadağan qoyulacaq: “Rusiyadan yalnız “VAZ” və “QAZ”ın ən son model avtomobillərini idxal etmək mümkün olacaq. Bunlar 2009 və 2010-cu illərdə buraxılmış modellərdir. Amma “VAZ”ın nisbətən yeni modelləri olan “VAZ 21012”, “VAZ 21015”, “VAZ 2109”, “VAZ 21010” kimi modellər də autda qalacaq. Amma “VAZ 21012” və “VAZ 21015”in bəzi son modellərin injektor sistemində dəyişikliklər edilib və 2011-ci ilin axırlarından müxtəlif katalizatorlar qoymaqla onları təkmilləşdiriblər – “Avro 3”ə uyğunlaşdırıblar. Yəni tullantı qazları təkrar yandırmaqla onun tərkibindəki zəhərli qazları azaldan neytrallaşdırıcılar quraşdırıblar. “VAZ 21015”in bir qismində bu var”, - deyə Sülhəddin Gözəlov vurğulayır.
Alimin sözlərinə görə, “Avro – 3”ə keçid ölkədə bu günə qədər mövcud olan avtomobil parkına heç bir təsir göstərməyəcək: “Vətəndaşın mülkiyyət hüququ var, ona demək olmaz ki, siz mütləq “Avro-3”ə keçin və bu maşını sabahdan sürməyəcəksiniz. Bunu etmək doğru deyil və hökumətin belə bir fikri də yoxdur”. Yəni “Avro-3”, yaxud lap Avropa Birliyində olan kimi “Avro-5” keçid ekoloji durumun radikal şəkildə müsbətə doğru dəyişməsinə səbəb olmayacaq, köhnə avtomobil parkı Bakının küçələrini tüstüyə bürüməkdə davam edəcək.
Lakin Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Süylemanov bu məsələni həll etməyi mümkün sayır. “Ən müasir avtomobillərdə belə, yanacaq tam yanmır və yanacağın 20%-dən 40%-ə qədəri yanmamış və ya yarım yanmış halda çölə atılır”. Alimin sözlərinə görə, onun rəhbərliyi altında yaradılmış nanokatalizatorlar mühərriklərə bağlandıqdan sonra 100%-ə yaxın yanma göstəricisi almaq mümkündür. “Nanokatalizatorların verdiyi pozitiv enerji yanacaqda molekulyar səviyyədə boşalma verir. Adi halda yanacağın dipollar arası əlaqəsində həmişə sıxılma olur, həmin sıxılma enerjisini neytrallaşdırdıqda, yanacaq injektordan və karbüratordan keçən zaman bir damla əvəzinə, minlərlə damla yaranır, nano ölçülərə qədər xırdalanma gedir və yanma təmiz gedir”,- deyə professor vurğulayır. Alimin sözlərinə görə, indiyə qədər nanokatalizatorlar quraşdırılmış mühərriklərin verdiyi nəticələr Azərbaycanın bütün avtomobil parkını çağdaş standartlara uyğunlaşdırmağa imkan verər.
P.S. Müasir elmi-texniki tərəqqi birinci növbədə partlayışdan doğulan enerji sayəsində mümkün olub.
Atəş açılır – partlayışdır.
Raket hərəkətlənir – partlayışdır.
Təyyarə havaya qalxır – partlayışın nəticəsində...
Kimisə nədəsə ittiham edirik – partlayış alınır...
Bir kasıbın qəlbini sındırırıq – partlayış alınır...
Xülasə, Yer kürəsinin indiki mədəniyyəti məhz partlayış mədəniyyətidir...
Və unutmayaq ki, bütün zamanlarda bizim sivilizasiyaya ən böyük təhdid məhz partlayışlı fenomenlərdən gəlib.
Partlayış tüstüsünün içində çabalayan Bakımız kimi...
Partlayış mədəniyyəti Yer üzünün axırına çıxmaqdadır...
Bu mədəniyyət hər gün planetdə yüzlərlə canlı növünü məhv edir...
Hazırda dünyada ölü çaylar, ölü su hövzələri mövcuddur...
Bu mədəniyyətin sayəsində...
Ümidvar olaq ki, barıtı ilk dəfə kəşf etməklə partlayış mədəniyyətinə rəvac versək də, haçansa başqa prinsip əsasında enerji əldə edib planeti və özümüzü qaçılmaz məhvdən xilas edə biləcəyik.
Bəşəriyyət bu böyük kəşfi gözləyir...
Çingiz
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40