Ermənistana məxsus pilotsuz uçan aparat Silahlı Qüvvələrimiz tərəfindən vurulub.
 
 
Unikal.org anspress-ə istinadən bildirir ki, uçan aparat cəbhənin ötən gün erməni silahlılarından azad edilmiş "Lələtəpə" yüksəkliyi üzərindən hərəkət edən zaman silahli qüvvələrimiz tərəfindən məhv edilib.

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.