Təhsil Nazirliyi cəbhə zonasında ermənilərin hücumları nəticəsində ziyan dəyən təhsil müəssisələri ilə bağlı məlumat açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a məlumat verilib.
Məlumatda deyilir ki, erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır.
İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Təhsil müəssisələrinə ciddi ziyan dəyib. Belə ki, aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb.
Bundan başqa, həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib.
Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir və məktəbliləri hədəfə almaqla onların təhsil hüququnu məhdudlaşdıran vəziyyətin ciddi narahatçılıq doğurduğunu bildirir.