Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində, həmçinin beynəlxalq arenada siyasi uğursuzluqlarını ört-basdır etmək üçün növbəti dəfə silahlı təxribata əl ataraq mülki obyektlərimizi və dinc vətəndaşlarımızı da hədəfə aldı.
Lakin rəsmi Yerevanın bu dəfəki özbaşnalığı ona baha başa gəldi. Azərbaycan Ordusu hökumətin siyasi gücünə hərbi güc qataraq düşməni yerinə oturtdu.
Azərbaycanın Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və ABŞ-ın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini yenidən bəyan etməsi Ermənistanın istəklərinə uyğun olmadı. Sammitin yekununda liderlərin birgə xatirə şəkli çəkdirdikləri zaman təkcə Ermənistan Prezidenti Serj Sarkisyanın əl sallamaması da onun ümidsizliyindən xəbər verirdi. Vaşinqton-Bakı münasibətlərinin soyuqlaşmasını arzulayan rəsmi Yerevan daha bir ümidini dəfn etmiş oldu.
Regiondakı bütün güclü dövlətlərlə - Rusiya, Türkiyə və İranla münasibətləri yüksək səviyyədə olan rəsmi Bakı ilə müqayisədə Ermənistan işğalçılıq siyasəti ilə özünü beynəlxalq əməkdaşlıqdan təcrid etmiş vəziyyətdədir. Rəsmi Moskva, Ankara və Tehran ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir və bunu ikitərəfli və çoxtərəfli formatlarda keçirilən görüşlərlə, həmçinin imzalanmış saziş və müqavilələrlə təsdiqləyirlər. Bu ilin fevral ayında Azərbaycanın İranla imzaladığı "Xudafərin" sazişi də Dağlıq Qarabağ və ətraf rayonların müvəqqəti olaraq Ermənistanın işğalı altında olduğunu göstərir.
Ən əsası odur ki, Ermənistanla müqayisədə Azərbaycan dünya ictimaiyyəti üçün yük deyil, əksinə dünyadakı problemlərin həllində real yardım edə biləcək dövlətdir. Bu ilin fevralında Londonda "Suriyaya və regiona dəstək" konfransında Azərbaycanın iştirakı da bunun bariz nümunəsidir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, beynəlxalq terrorçuluqla mübarizədə verdiyi səylər və təşəbüs göstərdiyi layihələr, eləcə də ölkənin dünyada tolerantlıq və multikulturalizm mərkəzinə çevrilməsi də bu silsilədəndir.
Havadarlarına güvənərək dəfələrlə cəbhə boyunca təxribatlara əl atan və yekunda itki verməklə uğursuzluğa düçar olan Ermənistan tərəfi bu dəfə azğınlaşaraq ağır silahlardan istifadə etməklə dinc sakinləri də hədəfə aldı.
Dağlıq Qarabağ məsələsində status-kvonu saxlamaqda maraqlı olan Ermənistanın növbəti silahlı təxribatına Cənubi Qafqazın ən böyük ordusu olan Azərbaycan Ordusu layiqli cavab verdi. Ordumuz mülki insanları qorumaq üçün əks həmləyə keçərək strateji yüksəklikləri və yaşayış məntəqəsini işğaldan tam azad etdi.
Azərbaycan işağl edilmiş ərazilərini sülh yolu ilə baş tutmayacağı təqdirdə, hərbi yolla da olsa gec-tez qaytaracığını dəfələrlə bəyan etsə də, Ermənistan buna hərbi ritorika kimi yanaşmışdı. Yəqin bundan sonra rəsmi Yerevan fikirlərinə korrektə etmiş olacaq.
Təmas xəttində ağır məğlubiyyət alan düşmən dərhal beynəlxalq təşkilatların qapısını döyərək ənənəvi əzabkeş obrazına girdi. Döyüşlər barədə saxta məlumatlar yaymaqla dünya ictimaiyyətini aldatmağa başladı. Reallıq isə başqadır: döyüşlər işğal edilmiş Azərbaycan torpaqlarında gedir, bu isə o deməkdir ki, bundan əziyyət çəkən məhz bizim mülki şəxslərdir.
Ermənistanın bəzi saytları təmas xəttindəki vəziyyətlə bağlı yalan informasiya yaymaqla erməniləri aldada bilməyəcini görüb veb resurslarında xəbərlərə şərh verilməsi bölümünü yığışdırıb. Onlar azərbaycanlı istifadəçilərin döyüşlər barədə doğru məlumat və linklər paylaşa biləcəyindən də ehtiyatlanırlar.
Artıq Azərbaycan Silahlı Qüvvələri beynəlxalq qurumların təkidli müraciətlərini də nəzərə alaraq işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığını açıqlayıb. Bu, Azərbaycanın sülhsevər dövlət olduğunun və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verdiyinin göstəricisidir.
Lakin ən əsası odur ki, bu qərar Ermənistanın vəziyyəti real qiymətləndirməsi və ağlını başına yığması üçün bir şansdır. Azərbaycan Ordusu qoşunların təmas xəttində düşmənə unudulmaz dərs verdi. Ermənistanın bu şansdan necə istifadə edəcəyini və verilmiş dərsdən hansı nəticə çıxaracağını isə zaman göstərəcək.
Trend