Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olanların ruhunu yad etmək və ordumuza dəstək məqsədi ilə Bakı Dövlət Universitetində 6 minədək tələbə-əməkdaşın iştirakı ilə tədbir keçirilib.
Universitetdən Unikal.org-a daxil olan məlumata görə, həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə rektor Abel Məhərrəmov şəhidlərimizin doğmalarına səbr diləyib. Bildirib ki, Ermənistan hərbi qüvvələri artıq bir neçə gündür ki, Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar – top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirir.
Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasını əks etdirən film-rolikin nümayişindən sonra tələbələr vətənimizi yad tapdağından azad etməyə hər an hazır olduqlarını bildirib, Azərbaycan əsgərinə müraciət qəbul ediblər. Əsgərlərimizin böyük bir məsuliyyət üzərinə götürdüyünü bildirən tələbələr Ali Baş Komandan əmr verərsə, hər birinin ön cəbhəyə gedib torpaqları azad edənədək vuruşmaq əzmində olduqlarını ifadə ediblər. Tədbir iştirakçıların Azərbaycan himninin səsləndirilməsi və "Qarabağ bizimdir, bizim olacaq" şüarları ilə başa çatıb.