"Rusiyada xüsusilə hakimiyyətə yaxın mətbuat orqanlarında təmas xəttində gərginliklə bağlı birtərəfli, anti-Azərbaycan mövqeyinin təbliğ olunmasının yumşaq dildə desək, mənasını anlamırıq".
Unikal.org-un APA-ya istinadən məlumatına görə, bunu Yeni Azərbaycan partiyasının sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.
 
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır: "Digər tərəfdən Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan anti-Azərbaycan mövqeyini başa düşmək mümkün deyil. Vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır. Heç olmasa münaqişə tərəflərindən birinə xüsusi münasibət göstərməkdən çəkinməlidir. Amma bəzi hallarda biz bunun əksini görürük".