Vergiçilər cibimizə girəcək?!
13:17 13-07-2012
İQTİSADİYYAT
Vergiçilər cibimizə girəcək?!
İqtisadçı-ekspert vergiləri gəlirlərdən yox, xərclərdən tutmağı təklif edir
Toya 5-10 min manata gedən, mövsümdə həftədə ən azı 2 toy tutan müğənnilər sən demə ayda cəmi 100 manat vergi ödəyirmişlər. Bunu Azərbaycan mətbuatı dəfələrlə yazıb və bu barədə yazılanların doğru olmadığı, sənət adamlarımızın təmiz və intizamlı vergi ödəyicisi olduğunu sübut etmək istəyi də uğur gətirmədi.
Sadəcə, sənət adamları buna imkan vermədilər. Məsələn, xalq artisti Faiq Ağayev suallarımızı dinləyərək cavabdan yayındı, həm də çox nəzakətlə elektron ünvanına məktub yazmağımızı xahiş etdi və mütləq dərhal cavab yazacağına söz verdi. Amma saatlar və günlər keçsə də xalq artistindən cavab ala bilmədik. Yəni hansısa portalın Faiq Ağayevin ayda cəmi 100 manat vergi ödəməsi barədə yazdığı məlumat təkzib olunmamış qaldı. Əməkdar artist Cavanşir Məmmədovun dedikləri isə kəsə oldu: "Mən vergi ödəyicisiyəm, amma sənə ödədiyim vergi məbləğini deməyəcəm. Sən müstəntiqsən ki, məndən belə şeylər soruşursan? Get belə yaz: elə ay olur 5 manat ödəyirəm, elə ay olur 100 manat - düşən toydan asılıdır".
Beləliklə, şou-biznes təmsilçilərimiz sadələşmiş sistemlə ayda təxminən 100 manat vergi ödəməklə aylıq dövriyyələrinin təxminən 2500 manat olduğunu iddia edirlər ki, bu da reallıqdan çox uzaqdır. Onların mütəmadi olaraq televiziya kanallarında verdiyi açıqlamlardan görünür ki, aylıq qazancları və xərcləri on dəfələrlə yüksəkdir. Yəni bu adamlar bəzən toy üçün 15 min manat istəyirlər.
Şadlıq evlərində apardığımız araşdırmalara görə, bu sözləri deyən müğənnilər ayda ən azı 8-9 toy tuturlar ki, aylıq şəxsi gəlirləri 30 mini keçir. Deylənə görə, bir toya 10 min manat alan müğənninin şəxsi qazancı musiqiçilərin haqqı və digər "inzibati" xərclər çıxıldaqdan sonra 3 min manatdan az olmur. Belə olan halda, həmin müğənninin sadələşdirilmiş sistem üzrə vergi ödəyicisi kimi qalması da qanunsuzluq sayılır. Çünki yalnız son 12 aylıq dövriyyəsi 95 min manatdan az olan fiziki şəxslər vergini sadələşdirilmiş sistemlə ödəyə bilərlər. Amma müğənnilərin və digər şou-biznes təmsilçilərinin xərcləri göstərir ki, onların real gəlirləri qat-qat yüksəkdir. Bu insanlar televiziya efirlərinlərindən 150 min dollarlıq maşın aldıqlarını, on min manatlarla xərc çəkərək başlarına saç əkdirdiklərini, plastik əməliyyat olunduqlarını, sifətlərini botoks etdirdiklərini, hər gün gecə klublarında əyləndiklərini, bahalı kliplər çəkdirdiklərini, mahnı yazdırdıqlarını deyirlər.
Amma göründüyü kimi, bu cür yüksək gəlirli insanlar vergi ödəmirlər və dövlət büdcəsi daxilolmalarında verginin onsuz da aşağı olan payı bir az da aşağı düşür. İlkin proqnozlara görə, 2012-ci ilin dövlət büdcəsinin gəlirləri 18 milyard manat olacaq və bunun təxminən yalnız 6 milyard
manatı (təxminən 33 faizi) vergi orqanları tərəfindən təmin ediləcək, qalan 12 milyard manat isə məhz Dövlət Neft Fondundan tranferlər tərəfindən ödəniləcək.
Bu olayın ən xoşagəlməz tərəfi dudur ki, Neft Fondundan transferlər məhz investisiya yönümlü xərclərə gedir, büdcə quruculuğunun əsasını təşkil edən xərclər - təhsil, səhiyyə, pensiya təminatı, hüquq-mühafizə və müdafiə orqanları üçün yönəldilən xərclər isə vergi ödəmələri hesabına formalaşdırılır. Yəni hər hansı şou biznes təmsilçisi vergi ödəmədən və ya cüzi vergi ödəməklə efirlərdə 140 min manata aldığı yeni "Hammer"i ilə qürrələnirsə, bu o deməkdir ki, o 35 min manat vergi gizlədib və dolayısı ilə, 300 müəllimin, yəni bu şou-biznes təmsilçisinə təmənnasız savadı öyrətmiş xalq insanının maaşını kəsib - müəllimin bir oklad maaşı təxminən 120 manatdır.
Vergi qanunvericiliyi üzrə ekspert Əflatun Babayev müsahibəsində bu məsələdə şou-biznes təmsilçilərinin tək olmadığını söyləyir: "Tək müğənnilər deyil, fərdi sənətkarlar, səyyar fotoqraflar, evlərini kirayəyə verən insanlar, bazar alverçiləri və s. kimi bu sıradan olan insanlar var. Bu cür insanlar ya vergidən tam yayınırlar, ya da gəlirlərinin cüzi hissəsini göstərməklə gözdən pərdə asırlar". Onun fikrincə, Vergilər Nazirliyi bu insanların gəlirlərinə nəzarət etmək imkanı yoxdur: "Bu adamlar adətən pulu qeyri-rəsmi yolla alırlar. Nazirlik nə edə bilər ki? Hər bir müğənninin, fərdi sənətkarın, alverçinin yanına bir vergi nəzarətçisi qoşmayacaq ki?", - deyən Əflatun Babayevin fikrincə, bu məsələdən yeganə çıxış yolu insanlardan xərclərinə görə vergi tutulmasıdır. "Bütün
dünyada olduğu kimi, adamlardan xərclərinə görə hesabat tələb olunmalıdır. Yəni şou-biznes təmsilçisi 150 min manatlıq maşın alanda onu çığırıb soruşmaladırlar ki, qardaş, sən illik gəlirini 30 min manat göstərmisən, bəs, 150 min manatlıq maşını nə ilə almısan", - deyən vergi üzrə ekspert Vergilər Nazirliyinin bu məsələdə də əl-qolunun bağlandığını vurğulayır.
Onun sözlərinə görə, nazirliyin belə bəyannamələr tələb etməsinə Konstitusiyada varidat barədə maddənin olması mane olur. Həmin maddəyə görə, Azərbaycan vətəndaşından varidatının mənşəyi barədə soruşmaq qadağandır. Yəni bu maddə vəziyyəti çıxılmaz hala salır.
Xalq artisti İlhamə Qulyeva isə konkret olaraq müğənnilik sənətindən vergi tutulmasına toxunur və vəziyyəti sənəti lisenziyalaşdırmaqda görür: "Şəxsən mən toya getmirəm, konsertdən də pul qazanmıram. Amma təklif edirəm ki, sənət lisenziyalaşdırılsın, yəni toya getmək, konsert vermək insanlardan qazancından asılı olmayaraq hər ay müəyyən bir orta məbləğ tələb edilsin. Həm də səsi olmayan, fonoqramla baş girliyənlərə belə lisenziyalar verilməsin. Onda şou-biznes xalqa da keyfiyyətli məhsul təqdim edər, həm də normal vergi vermiş olar",- deyə xalq artisti vurğulayır.
Qeyd edək ki, Özbəkistanda oxşar praktika tətbiq edilir və müğənnilik sənəti lisenziyalaşdırılır. Həmçinin sənətçilərdən konsert və toy gəlirlərinin 30 faizini dövlətə ödəmək tələbi qoyulur. Lakin vergi qanunvericiliyi üzrə ekspert Əflatun Babayev Özbəkistanın bu praktikasını o qədər də əlverişli saymır: "Lisenziyalaşdırma rüşvətxorluq
üçün yeni mənbələr açar. Məhz bu məqsədlə mərhum prezident Heydər Əliyev 2002-ci ildə əksər sahələrdə lisenziyalaşdırmanı ləğv elədi. Biz Özbəkistanın yox, Amerikanın yüz illərin sınağından keçmiş təcrübəsinə əsaslanmalıyıq. Amerikada insanların xərclədiyi hər bir manat vergi nəzarəti altına düşür. Konstitusiyamıza müəyyən dəyişikliklər edərək adamlardan xərclərinin mənbəyini soruşmalıyıq. Onda gəlirlərin əksəriyyəti könüllü şəkildə vergi nəzarətinə girəcək".
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40