"Bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması üçün bir yumruq kimi birləşməyə hazır olduğunu göstərir. Kişisindən, qadınından asılı olmayaraq, hər bir azərbaycanlı işğal altındakı ərazilərimizi azad etmək üçün əllərinə silah almağa hazırdır"
Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun fəal gəncləri ilə görüşündə söyləyib.
Əli Əhmədov bildirib ki, bu amil insanların Vətənə, torpağa olan böyük sevgisinin gücüdür. Bu gücün qarşısında isə dayana biləcək qüvvə yoxdur. Cəbhə xəttində son hadisələr bir daha onu göstərir ki, Azərbaycan torpaqlarının işğal altında qalması uzun sürməyəcək. Çox yaxın zamanlarda xalqımız indi hər bir Azərbaycan vətəndaşının yaşamağa başladığı qələbə hissini bütövlükdə Azərbaycan torpaqlarının azad olunması, tam qələbə hissləri kimi duyacaq və onu qeyd edəcək.
Baş nazirin müavini təəssüflə qeyd edib ki, dünya siyasətində baş verən bir sıra dəyişikliklər düşmənlərimizin təxribatlar törətməsi üçün əsaslar olub. O, ermənilərin bundan əvvəl də təxribatlara əl atdığını xatırladıb. "Dünya və regional siyasətdə baş verən son dəyişikliklər ermənilərin həmin təxribatı törətməsi üçün əsas oldu. Amma onlar bu təxribatlarının cavablarını lazımi səviyyədə aldılar. Bundan sonra ermənilər və onların havadarları tərəfindən belə təxribatlar təkrarlanmaya bilər. Əgər təkrarlasalar, yenə də layiqli cavablarını alacaqlar", - deyə YAP sədrinin müavini vurğulayıb.