Azərbaycanın pilotsuz uçan döyüş aparatı bu gün aprelin 4-də axşam "Yerkrapa" yarımhərbi təşkilatından olan erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan bildirib. Onun sözlərinə görə, insident cəbhə xəttinin şimal – Mardakert istiqamətində baş verib. Ovanisyan bildirib ki, könüllülər arasında tələfat var, lakin o hazırda ölənlərin dəqiq sayını deməkdən çəkinib.
Belə görünür ki, söhbət Azərbaycan ordusunun sərəncamında olan, bir neçə saat əvvəl Ağdərədə erməni hərbi qüvvələrinin cəmləşdiyi nöqtəyə zərbə endirən, İsrail istehsalı olan məxsi silah sistemi "Green Dragon"dan gedir. Və belə görünür ki, düşmən bu zərbələrdən doğrudan da başını itirib. Çünki indi ölüm onları hər yerdə haqlaya bilər, hətta cəbhə xəttinə çatmamış...
Rusiya KİV-in son məlumatına görə, zərbə nəticəsində azı 6 nəfər məhv edilib.
Son məlumatlara görə Azərbaycanın pilotsuz uçan döyüş aparatının zərbə endirdiyi avtobusda Ermənistanın Sünik vilayətindən olan könüllü "Sünik batalyonu"nun yaraqlıları olub. Avtobusda habelə Ermənistanın iki kənd icma başçısı ("starosta") gedirmiş. Ermənistan Müdafiə Nazirliyi 5 könüllünün öldüyünü təsdiq edir, lakin digər mənbələr avtobusda ölənlərin sayının daha çox olduğunu bildirir.