Ermənilərin atdığı mərmi İranda ev uçurub.
Ermənilərin atdığı daha bir mərmi İran ərazisinə düşüb. Ermənistan tərəfindən atılan minomyot mərmisi Şərqi Azərbaycan vilayətində evi uçurub. Bunu əyalətin general-qubernatorunun müavini Səid Şəbistari Xiyabani deyib.
Mərminin Ermənistana məxsus olduğu isə iranlı ekspertlərin apardığı araşdırmalardan sonra bəlli olub. S.Xiyabaninin sözlərinə görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Bu ilk belə hal deyil. Belə ki, iki gün öncə də Ermənistandan atılan 3 top mərmisi İran ərazisinə düşmüşdü. İranın İrəvandakı səfirliyinin hərbi attaşesi Hüseyn Şeyx ötən gün Ermənistanın Müdafiə Nazirliyinə çağırılıb. ANS PRESS-in "news.am" saytına istinadla verdiyi məlumata görə, onu Ermənistan müdafiə nazirinin müavini David Tonoyan qəbul edib.
İranlı attaşe Şərqi Azərbaycan əyalətinin Xudafərin bölgəsinin Qulubəyli kəndinə top mərmilərinin düşməsi nəticəsində xəsarət alanın olmadığını bildirib.
"İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb".
Attaşe isə Azərbaycan və Ermənistan tərəfini belə məsələlərdə diqqətli olmağa çağırıb. Ermənistan rəsmisi isə bildirib ki, döyüşlər zamanı coğrafi koordinatlar müəyyən edilir.
"Qarabağ tərəfi bombalama faktı ilə bağlı əlavə yoxlamalar aparılacaq və nəticələr barədə İran tərəfinə məlumatlar veriləcək", - deyə David Tonoyan bildirib.