"Rəsul Quliyev siyasətə pul xərcləməyi xoşlamır..."
12:26 14-07-2012
İQTİSADİYYAT
"Rəsul Quliyev siyasətə pul xərcləməyi xoşlamır..."
Elçibəy: "Rəsuldan pul alacağınızı düşünürsünüzsə, böyük səhv edirsiniz.
Rəsul pulu çuvala doldurub çiyninə atacaq, zınqıldada-zınqıldada gedəcək, siz isə düşəcəksiniz o səsin arxasınca. Amma heç vaxt pul görməyəcəksiniz"
Eks-spiker Rəsul Quliyevə yaxın olduğu iddia olunan Azpolitika.com saytında problem yaranması səbəbindən bir qrup əməkdaşın portalı tərk etməsi haqda məlumat vermişdik. Dünənki sayımızda bu, eləcə də özünün saytın rəhbərliyindən getməsi yayılandan sonra hazırda Azpolitika.info saytını quran Elnur Məhərrəmli bildirib ki, saytı tərk etməyinin əsas səbəblərindən biri "Rəsul Quliyevin, necə deyərlər, qaş düzəltmək istəyərkən gözü çıxarması idi.
Rəsul müəllim bizim sayt yaratmaq niyyətimizdən xəbərdar idi. Təklif etmişdi ki, bizə müəyyən qədər maliyyə yardımı göstərsin, sayta bir neçə əlavə işçi cəlb edə bilək və gələcəkdə internet televiziyası yaradaq. Söhbət aylıq 2 min dollardan gedir. Lakin işə başlayandan sonra çox hörmətli Rəsul müəllimə elə gəldi ki, onun sayta 2 minlik köməyi çox böyük rəqəmdir və biz bunun qarşılığını ona qaytara bilmirik. Bir ay ərzində bu 2 minlik köməklə biz elə bir səviyyəyə çatmalı idik ki, Rəsul müəllimin hakimiyyətə gəlməsi yolundakı problemlərin ən azı 80 faizini həll etmək qüdrətində olaq. Çox hörmətli Rəsul müəllimin adi bir sayta bu gözlə baxması çox təəccüblü idi. Bir neçə gündən sonra vəziyyət dəyişməyəndə, "Azpolitika"nın oxucularının sayı on minlərə çatmayanda Rəsul müəllim konkret addımlar atmağa və verdiyi 2 min dolların necə xərcləndiyi barədə hesabat tələb etməyə başladı. Bu hesabatı əldə edəndən sonra bir işçimizi işdən çıxardı, bir başqasının maaşını kəsdi, populyar saytlardakı reklamlarımızı dayandırdı və s. Əlində rəhbər tutduğu məntiq də bu oldu: "Azərbaycanda həkim 200 dollar maaş alır, mən də sizə 200 dollarlıq müxbirlər tapmışam". Şəxsən mən nə qədər cəhd etsəm də, Azərbaycanda 200 dollara yaşamağın mümkünsüzlüyünə Rəsul müəllimi inandıra bilmədim. Əlbəttə, saytın işinə bu səviyyədə müdaxilə bizim üçün qəbuledilməz idi. Həm də bu ilk dəfə deyildi. Azpolitika.info fəaliyyətə başlayandan 15 gün sonra Rəsul müəllim Amerikada yeni sayt yaratdı, onu "com" domenində qeydiyyatdan keçirdi ki, sayta hüquqi sahiblik əldə etsin. Bizi isə məcbur etdi ki, "info"nun fəaliyyətini dayandıraq və "com"a keçək".
Onun sözlərinə görə, "Mən 14 ilə yaxınlaşan jurnalist fəaliyyətimin böyük hissəsini Rəsul Quliyevə yaxın, onun siyasi təbliğatını aparan qəzetlərdə işləmişəm. "Hürriyyət", "Bakı-Xəbər" qəzetlərində redaktor, "Bakı-Zaman" qəzetində baş redaktor olmuşam. Xüsusən "Bakı-Zaman" qəzetində baş redaktor olarkən Rəsul müəllimlə işləməyin çətinliyini görmüşdüm deyə, yeni sayt açmaq və ona rəhbərlik etmək təklifindən imtina etmişdim. Rəsul müəllim hər zaman istər partiya olsun, istərsə də qəzet, onların qarşısına çox böyük hədəflər qoyur. Bu hədəflər əksər hallarda reallıqdan uzaq, hətta əlçatmaz olur. 100 minlik mitinq kimi... Tələb məsələsində maksimalist olduğu halda təklif, başqa sözlə, maliyyə məsələsində isə heç minimum həddi də gözləmir.
Rəsul müəllimin yaxın qohumu və tərəfdarlarından olan Yaqub Abbasov rəhmətlik Elçibəyin onun haqqında bir sözünü tez-tez təkrarlayardı. Hazırda Avropada siyasi mühacirətdə olan Yaqub bəyin dediyinə görə, Elçibəy şəxsən ona deyibmiş ki, "Rəsuldan pul alacağınızı düşünürsünüzsə, böyük səhv edirsiniz. Rəsul pulu çuvala doldurub çiyninə atacaq, zınqıldada-zınqıldada gedəcək, siz isə düşəcəksiniz o səsin arxasınca. Amma heç vaxt pul görməyəcəksiniz". Əgər Yaqub Abbasov olan söhbəti danışırsa, rəhmətlik Elçibəy həqiqəti deyib. Rəsul müəllim siyasətə pul xərcləməyi nəinki xoşlamır, hətta hakimiyyətə iddialı bir siyasətçi, lider olaraq maliyyə məsələsini həll etmək vəzifəsinin onun çiyninə düşdüyünü də qəbul etmir. Azərbaycan reallığında isə pul olmadan partiya qurmaq, qəzet saxlamaq mümkün deyil".
Elnur Məhərrəmli deyib: "Mən Rəsul müəllimin imkanları haqda heç nə deyə bilmərəm, necə deyərlər, aşıq gördüyünü çağırar. Heydər bəy də gördüyünü deyir. Amma onu yaxşı bilirəm ki, Rəsul Quliyevin çox etibar etdiyi və onun sayəsində vaxtında neft işindən böyük pullar çırpışdıra bilən bəzi adamların imkanları kifayət qədər böyükdür. "Məndən böyük Rəsulçu yoxdur" deyə sinəsinə vuran, ona-buna vəzifə vədləri verən həmin adamlardan birinin təkcə bir obyektdən aldığı aylıq icarə haqqı 30 min manatdan artıqdır. Yəni imkansızlıq məsələsi o qədər də ağlabatan deyil. Əsas münasibətdir. Rəsul müəllimin özü məqalələrindən birində çox ibrətamiz bir misal çəkmişdi. Yazmışdı ki, Corc Vaşinqton hətta yoldaşının qızıllarını belə Birləşmiş Ştatları qurmaq uğrunda mübarizədə satdığından prezidentlikdən sonra ciddi ehtiyac içinə düşür. Həmin Vaşinqtonun qurduğu indiki Amerikaya baxanda bu həqiqətən də, bütövlükdə dünya üçün çox ibrətamiz bir örnək idi. Rəsul müəllim Vaşinqtonun fədakarlığını çox ürəklə xatırladır və Azərbaycan xalqına örnək olaraq təqdim edir, amma özü belə bir fədakarlığın mində birini edirmi? Mən 2007-ci ildə eşidəndə ki, Rəsul müəllimin 1996-cı ildə qaraja qoyub getdiyi zirehli "Volvo"nu çıxarıb dəyər-dəyməzinə satırlar, dəhşətə gəlmişdim. Axı, aradan keçən 11 ildə burada Rəsul Quliyevin yolunda canını qoyanların həmin zirehli maşına çox ehtiyacları olmuşdu! Hər dəqiqəsi təhlükə ilə üzləşən Sərdar Cəlaloğlu işə avtobusla gedib-gəlirdi. Ailəsi ilə birlikdə mitinqlərdə döyülür, təhqir olunurdu. Amma Rəsul müəllim qarajda çürütdüyü maşını müvəqqəti də olsa, onun istifadəsinə verməyə qıymamışdı. 2007-ci ildə həmin maşını, səhv etmirəmsə 15 min dollara satdılar. Mənim üçün bunlar barədə danışmaq çox ağırdır, çünki bir siyasətçi olaraq Rəsul müəllimə inamım azalsa da - bu inam məndə o qədər böyük olub ki, tam yoxa çıxması bir qədər çətin məsələdir - ağsaqqal olaraq hörmətimi saxlamaqdayam. Rəsul müəllim siyasətsiz həyatda çox yaxşı insandır. İnsanlara inanır, etibar edir, şans verməyi xoşlayır. Amma araya siyasət girəndə fəlakət olur...
Jurnalistin dediyinə görə, "Rəsul müəllim tərifə meyilli olduğu qədər də tənqidə nifrət edir. Ən elementar bir tənqid səni onun gözündə düşmənə çevirə bilər. Necə ki, hazırda mənə bu gözlə baxır və bunun da kökündə xırda bir tənqid durur. Yanvar ayında hakimiyyətin təsiri altında olduqları heç kimdə şübhə doğurmayan partiya sədrləri ilə Müqavimət Hərəkatı adlı qondarma bir qurum yaradarkən yazmışdım ki, bu hərəkat sizi biabır edəcək. Cavabı bu sözlərlə başlayırdı: "Elnur, mən elə bilirdim sən mənim komandamdasan, demə, belə deyilmiş". Təsəvvür edirsinizmi, demək tənqid deyənə onun komandasında yer yoxdur və bu komanda Azərbaycana demokratiya vəd edir. İndi özü həmin qurum haqda "separat, xalqdan ayrı" sözlərini işlədir və 5 partiya sədrinin 5-i də onun üzünə bozarır. Rəsul müəllim "dovşana qaç, tazıya tut", "üz-üzə qoy hökm sür" prinsiplərini öz siyasətində o qədər primitiv şəkildə tətbiq etməyə cəhd edir ki, qurduğu oyunların üstünün açılması üçün bəzən saatlar da bəs edir. Məsələn, mənim yaxın dostlarımdan birinə "Sən təcili öyrən gör Elnurun filan hərəkətinin arxasında nə var və mənə yaz" təlimatından cəmi bir saat sonra xəbər tutmuşdum. Demək, kimsə Rəsul müəllimə deyib ki, Elnur harasa işləyir. Bu söz Rəsul müəllimə bəs edib ki, 10 ildən artıqdır tanıdığı bir insan haqda şübhələrə qapılsın. Mən bunları həqiqətən də, təəssüflə söyləyirəm".
Adil
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00