Azərbaycan Respublikasının Müdafiə Nazirliyi "LifeNyus" telekanalının təxribat xarakterli reportajına dair açıqlama yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, açıqlamada deyilir: "Uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan Ermənistanın hərbi və siyasi rəhbərliyinin anti-Azərbaycan niyyətli xarici KİV-in də fəaliyyətindən bəhrələnərək ölkəmiz haqqında təxribat xarakterli, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi-texniki imkanları və potensialı ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının yüksək səviyyədə təmin edilməsi üçün tam yetərlidir.
Müdafiə Nazirliyi bildirir ki, istənilən terror təşkilatının fəaliyyəti onun üzvlərinin milli, dini və digər mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq sülhə və təhlükəsizliyə, eləcə də milli təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycan Respublikasının ərazisinə hər hansı niyyətlə keçməyə cəhd edən terror təşkilatı üzvləri müəyyən olunaraq məsuliyyətə cəlb ediləcəklər".