Düşməndən təmizlənən Lələtəpə yüksəkliyinə sancılan Azərbaycan bayrağı I Avropa Oyunlarında dalğalanmış bayraqdır.
Unikal.org xəbər verir ki, bunu "Region TV"nin "Günün ardınca" verilişinə açıqlamasında I Avropa Oyunlarında Azərbaycan yığma komandasının bayraqdarı olmuş paraolimpiyaçı İlham Zəkiyev bildirib.
O qeyd edib ki, "Bakı 2015" ilk Avropa Oyunlarında daşıdığı bayraq hazırda Füzulinin Lələtəpə yüksəkliyində dalğalanır.
"Birinci Avropa Oyunlarından sonra mən Müdafiə Nazirliyinin xətti ilə ön cəhbədə hərbçilərlə görüşlər keçirdim. Həmin vaxt Şəmkir korpusunda, Murovda, Ağdamda oldum. Son olaraq, Füzuli-Beyləqan bölgəsində özüm xidmət etdiyim hərbi hissəsinin kəşfiyyatçıları ilə görüşmüşdüm.
O bayrağı da özümlə aparmışdım ki, "Mən bu bayrağı beynəlxalq arenada - Birinci Avropa Oyunlarında dalğalandırmışam. Sizin də vəzifəniz bunu Şuşada, Xankəndində dalğalandırmaqdır" demişdim. Məlumdur ki, son baş verən hadisələrdən sonra, aprelin 2-si bizim kəşfiyyatçılar Füzuli istiqamətində strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini ələ keçiriblər. Mənim verdiyim həmin bayrağı oraya sancıblar. Mən də onlara dedim ki, siz o barağı Şuşada, Xankəndinə sancmalısınız. Deyirlər, narahat olmayın, İlham müəllim, ora da gedəcəyik, bayrağı orada sancacağıq", - deyə İlham Zəkiyev bildirib.