Kürdəmirdə yerli oliqarxların bazar müharibəsi
11:56 17-07-2012
İQTİSADİYYAT
Kürdəmirdə yerli oliqarxların bazar müharibəsi
Fərhad Qəribovla Taleh Qaraşov İrşad Əliyevlə savaşa girib
Kürdəmir rayonundan olan millət vəkili Fərhad Qəribovun özünə bazar tikdirmək istəməsi qalmaqal yaradıb. Bu barədə gələn məlumatlarda bildirilir ki, məsələ kifayət qədər böyüyüb və başlayan nüfuz savaşında Kürdəmirin üç yerli oliqarxı var.
İddialara görə, deputat rayonda yeni bazar tikməyə başlayıb, bunun üçün ayrılan ərazidə inşaat işlərinə də start verilib. Qəribov bununla paralel olaraq, rayonun köhnə kolxoz bazarının da ləğvinə çalışır. Bunda məqsəd həmin bazardakı sahibkarları özünün yeni bazarına cəlb etmək olub.
Amma sonradan sahibkarlar Fərhad Qəribovun bazarındakı yer haqlarının çox yüksək olacağından xəbər tutub və narahat olmağa başlayıblar. Onlar köhnə bazardakı fəaliyyətlərini davam etdirmək istəyəcəklərini rayonun icra başçısı İrşad Əliyevə çatdırıblar.
Əslində bu, İrşad Əliyev üçün də yaxşı xəbər olub. Belə ki, Kürdəmirin icra başçısı kolxoz bazarının sahibi olan və Rusiyada çalışan iş adamı ilə yaxşı münasibətlərdədir. Elə bu səbəbdən də bazarın ləğvinə qarşı çıxır.
Gələn məlumatlarda o da bildirilir ki, Fərhad Qəribov Kürdəmirin kolxoz bazarının çox səliqəsiz, sanitar-gigiyenik tələblərə cavab vermədiyini əsas gətirərək oranın qapadılmasına çalışır. Bu bəhanəni kəsmək üçünsə bazar sahibi İrşad Əliyevin məsləhəti ilə oranın yenidən qurulması üçün vəsait ayırmağa hazırlaşır. Kolxoz bazarının səliqə-sahmana salınması Fərhad Qəribovun planlarını poza, hətta onun özünün bazarının perspektivini şübhə altına ala bilər. İstisna deyil ki, bu gedişlə deputatın yeni bazar üçün qoyduğu "maya" da batsın.
Gələn məlumatlarda başqa bir maraqlı məqam ondan ibarətdir ki, artıq məsələ yetərinci ciddi şəkil alıb və "bazar müharibəsi"nin sərhədlərinin genişlənməsinə gətirib çıxarıb. Söhbət Fərhad Qəribovun qudası, Kürdəmirin keçmiş icra başçısı olmuş və hazırda Lənkərana rəhbərlik edən Taleh Qaraşovun da "bazar müharibəsi"nə cəlb edilməsindən gedir. Deputatın qudası qalmaqalın millət vəkilinin maraqlarına uyğun başa çatması üçün özünün təsir imkanlarını işə salıb.
Bu vəziyyətdə isə İrşad Əliyevin Fərhad Qəribov və qudasının davranışlarından "yuxarılar"a gileylənməkdən başqa çarəsi qalmayıb. O, bununla artıq həm də bir nüfuz savaşına çevrilmiş "bazar döyüşü"ndə özünün və özünə yaxın iş adamının qələbəsini təmin etmək istəyir. Bununla icra başçısı həm də Kürdəmirdəki qüdrətini, söz sahibliyini nümayiş etdirmək əzmindədir.
İstisna olunmur ki, bu bazar müharibəsində tərəflərdən biri ağır məğlubiyyətə uğradıqda, bu həm də onların karyerasının zədələnməsi ilə nəticələnsin. Çünki məsələnin miqyasının Bakıya qədər böyüməsi "yuxarılar"da haqsız tərəfə qarşı qəzəb yarada bilər ki, bunun da bədəlinin ağır ödənməsi tamamilə mümkündür.
Azər Aslan
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40