Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramına əsasən daha 80 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına istirahətə göndərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən unikal.org-a verilən məlumata görə, yola salınan əlilliyi olan şəxslər ölkəmizdə sosial cəhətdən həssas qrupların sosial reabilitasiyasına və bütün sahələrdə cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmalarına yönələn proqramların uğurla davam etdirilməsindən məmnunluqlarını ifadə ediblər.
Tədbirdə qeyd olunub ki, ötən il nazirliyin xətti ilə 1000 nəfərdən çox əlilliyi olan şəxs Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət mərkəzlərinə göndərilib. Əlilliyi olan şəxslərin istirahətinin təşkili proqramı bu il daha çox, yəni 1 100 nəfərdən çox vətəndaşı əhatə edəcək. Onlardan artıq 280 nəfəri xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb və mövsüm boyu bu işlər davam etdiriləcək.
"2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramında bu tədbirlə yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi və sosial reabilitasiyası, onların reabilitasiya potensiallarının reallaşdırılması, sosial xidmətlərlə təminatı, sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi və s. əksini tapıb.