"ATƏT-in Minsk qrupu və onu təmsil edən ölkələrin təmsilçilərinin məntiqli, açıq, beynəlxalq hüququn konteksindən çıxış edərək təcavüzkarı və təcavüzün qurbanını göstərmək istiqamətində heç vaxt konkret mövqeyi olmayıb".
Unikal.org xəbər verir ki, bu fikriləri azvision.az-a Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT-in Minsk qrupu həmsədrlərinin Bakı səfərinə münasibət bildirərkən deyib.
Parlament sədrinin müavini qeyd edib ki, həmsədrlər tərəfindən Dağlıa Qarabağ münaqişəsi ilə bağlı həmişə ümumi fikirlər səsləndirilib və onlar tərəflərin mövqeyini, vəziyətini bərabərləşdirməyə, arada balans yaratmağa çalışıblar: "Bu isə yanlış yanaşma kimi nə münaqişənin həllinə hər hansı bir töhfə verib, nə də münaqişənin həllinə cəlb olunan vasitəçilərin işi haqqında müsbət fikir söyləmək üçün imkan yaradıb. Bu baxımdan həmsədrlərin narahatlığını anlayıram. Çünki nə qədər problem var, o qədər həmin qurumlar, ölkələr gündəmdə olur, gəlib-gedirlər, hər hansı bir işlə məşğul olurlarmış kimi görünürlər. Azərbaycanın qəti və konkret mövqeyi bütün bunlara müəyyən mənada təsir göstərir. Məsələyə münasibətdə obyektiv, tərəfsiz qurum kimi görünməyə çalışırlar. Bu səbəbdən onlar üçün fikir bildirmək çətindir. Əgər obyektiv olsaydılar, bu daha asan olardı".
B.Muradova hesab edir ki, həmsədrlər bu dəfədə regiona təklifsiz, "əliboş" gəliblər: "İndiki halda həmsədrlər Azərbaycana bu və ya digər məsələlərlə, fikirlərlə, təkliflərlə, açıq mövqe ifadə edə bilən fikirlərlə gəlsəydilər, bunu üstün səfər hesab etmək olardı. Heç istəməzdim ki, onların budəfəki səfəri əvvəlki gəlişlərinə bənzəsin və onlar qədər təsirsiz, gözəgörünməyən, rəngiz, bomboz fikirlərlə yadda qalsın.
Regionda silahlar od saçır, qan tökülür, insanlar həlak olur, ayrı-ayrı ailələrin ümidləri puç olur. Bu baxımdan münaqişənin davam etməsi, aktiv fazaya keçməsi bir çox dairələrə ciddi mesajdır. Onlar isə bundan doğru-düzgün nəticə çıxarmalıdırlar. Ermənistan tərəfi qəti şəkildə anlamalıdır ki, bu şəkildə yola gəlməzlik, beynəlxalq hüququn tələblərini, prinsiplərini saymamaq ona baha başa gələ bilər".
B.Muradova vurğulayıb ki, həmsədrlər mövcud durumdan real, düzgün nəticələr çıxarmalıdırlar: "Doğrudur, bu nəticə indi çıxarılmalı deyildi. Münaqişə baş verən andan münasibətin necə olması obyektiv şəkildə ortadadır. Ermənistan qoşunlarının Azərbaycan ərazilərini son nəfərinə qədər tərk etməsi, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin qətnamələrinin, ATƏT-in sammitlərinin, yüksək toplantılarının qəbul etdiyi sənədlərin yerinə yetirilməsi və Azərbaycanın suveren hüquqlarının, ərazi bütövlüyünün təmin olunması, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın, Azərbaycanda və onun tərkib hissəsi kimi Qarabağda təhlükəsizliyinin təmin olunmasına xidmət edilməlidir. Hesab edirəm ki, həmsədrlər bu məqsədlə Azərbaycan gəliblərsə, ilk andan da fikirlərini söyləyə bilərdilər".