Pioner evləri bərpa olunsunmu?
11:59 17-07-2012
İQTİSADİYYAT
Pioner evləri bərpa olunsunmu?
Azərbaycanda müasir ideologiyalarla gənclər evləri yaradıla bilərmi?
Uşaq və gənclərin şəxsiyyət, vətəndaş olaraq yetişdirilməsi, zərərli vərdişlərdən, bekarçılıqdan xilas etmək üçün analoji təşkilatlar yaratmağa ehtiyac varmı?
Sosioloq: "Sovet dövründə böyük şəxsiyyətlərin, qəhrəmanların əksəriyyəti "Pioner" və "Komsomol" təşkilatlarında yetişirdi...
Milli.Az xəbər portalı bildirir ki, sivil ölkələrdə müxtəlif yaş qrupuna aid insanların yığışdığı "Xalq evləri" fəaliyyət göstərir. Bunların əsas funksiyası maraq klubları şəbəkəsində əhalinin, xüsusilə də yeniyetmə və gənclərin intellekt səviyyəsini yüksəltməkdən ibarətdir. Bir zamanlar bizdə bu ənənə daha yüksək səviyyədə icra olunurdu. Müstəqilliyimizi bərpa etdikdən sonra bir çox müsbət ənənələr kimi buna da son qoyuldu. İndi yenidən bu işə ehtiyac duyulur - gec də olsa belə bir sistem yaradılmalıdır - deyilir. Amma necə?...
Məktəbdənkənar məşğuliyyət necə təşkil olunmalıdır?
Uşaqlığı və gəncliyi Sovet İttifaqının tərkibində olduğumuz vaxta təsadüf edənlər yaxşı xatırlayar. O vaxtlar körpə yaşdan insanın cəmiyyətlə birgə aktiv həyatını təmin edən müəssisələr fəaliyyət göstərirdi.
Uşaqlar 1-2 yaşdan etibarən baxçaya gedir, sonra məktəbəqədər hazırlıq kursuna gedir, sonra isə məktəb həyatı başlanırdı. Burada isə, pilləli şəkildə təşkilatlarda təmsil olunurdu - öncə "oktyabryat", sonra "pioner", sonra "komsomol", sonra isə partiya sıralarına daxil olurdu.
Şagirdlərin məktəbdənkənar məşğuliyyətini isə "Pionerlər Evi", Mədəniyyət evlərindəki çoxsaylı dərnəklər, idman məşğələləri, kitabxanalar, müxtəlif yaradıcılıq mərkəzləri və s. təmin edirdi.
O zamanlar Gənc Texniklər Stansiyası da vardı ki, burada həvəskar yeniyetmələr və gənclər istədikləri peşə ilə məşğul olurdular. Bu sonradan məktəblilərin peşə seçiminə olduqca böyük kömək edirdi, uşaqlar hələ məktəb yaşından gələcəkdə yiyələnmək istədikləri sənətə, ya da peşəyə hazırlaşırdılar.
SSRİ-nin dağılmasından sonra "Pioner" və "Komsomol" təşkilatları ləğv edildi. Lakin çox təəssüf ki, yerində analoji milli təşkilatlar yaradılmadı və nəticədə bu sahədə boşluq yarandı. Sovetlərin dağılmasından 20 il ötdükdən sonra buna ehtiyac olduğu ortaya çıxır, amma məsələnin həlli yolları ilə bağlı aydın təsəvvürlər yoxdur.
Azərbaycanda
"xalq evləri" varmı?
Ölkəmizdə hələlik sırf bu tip evlər olmasa da, buna bənzər olanları var. Məsələn, "Bakı SOS Gənclər Evi" var ki, bura "SOS" kəndlərində yaşayan 16 yaşına çatmış, yetkin, orta təhsilini başa vurmuş yeniyetmələr qəbul olunurlar. Bu qayğının müddəti 4 il davam edir.
Qayğının bu mərhələsinin əsas məqsədi hər bir yeniyetmənin sənət, peşə və ya hansısa ixtisasa yiyələnməsi, ilk əmək fəaliyyətinə başlaması zamanı mənəvi və maddi dəstəyin göstərilməsidir. Amma bir çox sosioloqların fikrincə, bu layihəni sadəcə bu qədər ilə məhdudlaşdırmaq lazım deyil.
Ümumiyyətlə, bizim ölkəmizdə bu cür layihələrə ehtiyac varmı və bunun üçün nələr tələb olunur? Sualımıza sabiq millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədovun cavabı belə oldu ki, bu, çox vacib bir layihədir və dövlət də bunu dəstəkləyir: "Sovet dönəmində "Pionerlər Evi"nin analoqu kimi düşünülən bir layihəni də Azərbaycan hökuməti reallaşdırmaq üçün hələ bir neçə il öncə proqram hazırlayıb.
Gənclər evləri adlandırılan bu layihələrə bir neçə ildir dövlət büdcəsindən vəsait ayrılır. Bu vəsaitlər Gənclər və İdman Nazirliyinin büdcəsində öz əksini tapır. Bir çox hallarda rayonların büdcələri vasitəsi ilə də vəsaitlər ayrılır. Bu layihələr çox önəmlidir və təqdir olunmalıdır. Məncə bu istiqamətdə daha genişmiqyaslı işlər görmək üçün imkanlarımız var".
"Gənclər evi"ndə
nələr olmalıdır?
Mütəxəssislər hesab edir ki, öncəliklə əsas tədbirlər bütün istedadlı uşaqların dövlət himayəsi altında müxtəlif tipli dərnəklərə cəlb olunması istiqamətində olmalıdır. Bütün diqqət çal-cağıra yox, intellektual inkişafa yonəlməlidir. Çünki müstəqil respublika üçün bu son dərəcə strateji istiqamətdir.
Danılmazdır, qabaqcıl ölkələr xammalları hesabına yox, intellektual imkanlarının inkişafı hesabına irəli gediblər. Malla-mülklə qazanılan öncüllüyün ömrü uzun olmaz. Dünyaya layiqli şəkildə inteqrasiya olmaq, qabaqcıl ölkələr səviyyəsinə çıxmaq, arada itib-batmamaq istəyiriksə, yeni nəslin intellektual potensialının istifadəsinə diqqəti artırmalıyıq.
Bunun üçün insanımızın əsl vətəndaş kimi yetişməsinə xüsusi önəm vermək lazımdır. Lakin bu iş ayrı-ayrılıqda önəmini itirə bilər, prosesə lap əvvəldən, azı məktəb yaşından başlamaq lazımdır. "Gənclər Evi" layihəsi bu ayrılığı birləşdirə, bu çərçivədə ağıllı, strateji və gərəkli bir tədris gerçəkləşdirə bilər.
Bu layihənin tək xüsusi qayğıya eytiyacı olan gənclər üçün deyil, bütün gəncləri birləşdirən bir layihə olmasına ehtiyac var. Ən azından məktəbli yeniyetmələrin dərsdənkənar vaxtlarını və işsiz-gücsüz gənclərin zamanlarını boşa itirməmələri üçün ən ideal proyektdir.
Azərbaycanda gənclər
evləri necə qurulsun?
Cəmiyyətin ziyalı təbəqəsi bu layihəni dəstəkləyir. Onlar düşünürlər ki, dövlət bu cür layihələr gerçəkləşdirsə və bu tip evlər inşa edilsə, gənc nəslin yetişməsi üçün ən yaxşı tədbir görmüş olar. Ümumi fikrə görə, yeniyetmə və gənclərin zərərli vərdişlərdən yayındırılması üçün ən yaxşı vasitələrdən biri onların boş vaxtlarının səmərəli təşkilidir.
"Olaylar" qəzetinin redaktoru Elman Cəfərli hesab edir ki, bu layihəni gerçəkləşdirməyə böyük ehtiyac var. "Sovet dövründə məktəblilər pioner düşərgələrinə gedirdilər. Bu, onların dünyagörüşünün zənginləşməsinə səbəb olurdı. Bütün şəhərlərdə pionerlər evi və məktəblilər sarayı vardı. Məncə onun bazasında yeni "Uşaqlar evi" və "Gənclər Evi" yaratmaq olar. Bu tipli müəssisələr yeniyetmə və gənclərin bacarıq və istedadını üzə çıxarır, asudə (dərsdən kənar) vaxtının səmərəli keçirməsinə kömək edər".
E.Cəfərlinin fikrincə, "Gənclər Evi"ndə gənclərin musiqi, idman, rəssamlıq, texniki peşələr, səhnə və bu kimi müxtəlif qabilliyyəti aşkarlana bilər: "Sovet illərində pioner düşərgələrinə, "Pioner Sarayı"na gedən usaqlar ora getməyən yaşıdlarından xeyli fərqlənirdilər. Onlar daha savadlı və bacarıqlı, dünyagörüşlü və gözüaçıq idilər".
"Pioner" bərpa olunmalı?
"Sağlam Toplum" İctimai Birliyinin sədr müavini, sosioloq Lətafət Həmidovanın fikrincə, məktəblərdə "Pioner" təşkilatı formatında yeni sistemin yaradılması vacibdir: "Lap adını "Pioner" də qoymaq olar, bu sözün mənası, birincilər, öncüllər deməkdir. Aşağı siniflər üçün ayrı, yuxarı siniflər üçün ayrıca təşkilatlar yaradılmalıdır. Məktəblilərin cəmiyyət həyatında daha yaxından iştirakı, onların kollektiv fəaliyyəti, ekskursiyalar, dərsdənkənar məşğələlər təşkil olunmalıdır. Belə etsək, gerçəkdən cəmiyyətə yararlı daha çox insanlar, layiqli vətəndaşları yetişdirə bilərik".
"Böyük şəxsiyyətlər uşaq
təşkilatlarından çıxırdı"
Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, hazırda cəmiyyətimizdə bir xaos movcuddur: "Ailələrdə gərginlik artır. Belə bir şəraitdə ürək ağrısı ilə proqnozlaşdırmaq olar ki, cəmiyyətimizdə kriminal durum getdikcə güclənə bilər. Boyüməkdə olan nəslin tərbiyəsi, istedadlarının qayğısına qalmaq arxa plana keçib. Hər bir dövlətin ən birinci borcu əhalinin keyfiyyətinə diqqəti artırmaqdır. Pioner evləri tipli müəssisələr yeni nəslin daha keyfiyyətli böyüməsinə kömək edə bilər".
Sosioloq hesab edir ki, əgər bir vaxtlar pioner evlərində sovet ideologiyası aşılanırdısa, qoy bizim də bu tipli pioner, xalq evlərində milli-mənəvi dəyərlərimizə söykənən ideologiya, vətənpərvərlik, vətəndaşlıq ideyaları aşılansın: "Sovet İttifaqı qəhrəmanlarının, böyük şəxsiyyətlərin çoxunun uşaqlığı pioner evlərində keçmişdi. Qoy, bizim bu tipli evlərimiz Qarabağı, vətənimizin hər guşəsini qoruyacaq vətənpərvərlər yetişdirsin. Yoxsa bu sonadək aydın olmayan bazar iqtisadiyyatı ideologiyası içərisində itib batmaqdayıq".
Əhməd Qəşəmoğlu təklif edir ki, "Gənclər evi"nin təşkilində və idarəetməsində bir vaxtlar pioner təşkilatlarında işləmiş insanların potensialından, təcrübəsindən yararlanmaq olar: "Sovet dövründə gördük ki, bu təcrübə özünü doğruldur. Yaxşı ənənədən niyə imtina etməliyik, sadəcə ideoloji istiqaməti dəyişməklə bu işi bərpa etmək olar".
Gənclər: Belə layihələrə
ikiəlli dəstək verərik!
Gənc yazar Rüfət Əhmədzadə deyir ki, baxır layihəni kim və necə təşkil edir: "Əgər diskussiya klubu, seminarlar, mütaliələr, hər hansı mövzu ərafında mübadilələr aparılacaq, kamplar kimi maraqlı görüş yerləri olarsa, çox yerində düşünülmüş bir qərar olar. Bu layihələr həyata keçirilsə, hər cür dəstəyə hazıram, əlimdən nə gəlirsə edərəm".
Gənc pedaqoq Habil Yaşar isə "Gənclər evi"ndə həm mənəvi, həm də fiziki dərslər keçirilməsini qənaətbəxş hesab edir, eyni zamanda gəncləri milli-mənəvi dəyərlərə bağlamaq üçün bu cür evlərin çox gərəkli olduğunu dedi.
Tələbə, yazar Dilqəm Əhmədin fikrincə isə, özəlliklə risk altında olan uşaqlar və gənclər üçün belə mərkəzlərin yaradılması və sosial-psixoloji dəstək layihələrinin həyata keçirilməsinə ehtiyac var.
Beləliklə, aydın olur ki, hazırda cəmiyyətimizdə məktəbdaxili təşkilatlara, məktəbdənkənar mərkəzlərə böyük ehtiyac var. Bu qurumlarda bir qədər əyləncəli, eyni zamanda intellektual oyunlar təşkil etməklə gəncləri həm avaraçılıqdan, həm də pis vərdişlərdən uzaqlaşdırmaq olar.
Bu işlər onların psixoloji cəhətdən sağlam formalaşmasına, kollektivçilik təcrübəsinin qazanılmasına böyük yardım etmiş olar. Düzdür, bu işdə bir qədər gecikmişik, amma ruslar demiş, "luçşe pozdno, çem nikoqda".
Təbii ki, bu işlər dövlət səviyyəsində həyata keçirilməlidir. Amma bu layihələrə QHT-lər və media da dəstək verə bilər. Ölkəmizin gələcəyi, dövlətimizin mənafeyi baxımından bunu etməliyik.
Lalə Mehralı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40