London polisi iyunun 4-nə keçən gecə törədilən terror aktları nəticəsində 6 nəfərin öldüyünü bildirib.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə polis nümayəndəsi Mark Rouli bildirib.
"Son məlumata görə, altı nəfər həlak olub... Azı 20 nəfər xəsarət alaraq Londonun altı xəstəxanasına yerləşdirilib, - deyə M.Rouli bildirib.
Milli Səhiyyə Xidmətinin məlumatına görə, gecə hücumlarından sonra xəstəxanalara 30-dan çox yaralı yerləşdirilib.
Xatırladaq ki, "London-Bric körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb.
Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.
Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib.
Polis "London-Bric körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir.
Qeyd edək ki, martın 22-də Londonda 5 nəfərin ölümü, onlarla insanın xəsarət alması ilə nəticələnən terror aktı törədilib. Terrorçu Xalid Məsud idarə etdiyi avtomobili Vestminster körpüsündə piyadaların üstünə sürüb. Daha sonra Britaniya parlamenti qarşısında bıçaqla polis əməkdaşını qətlə yetirib. Terrorçu Böyük Britaniya müdafiə nazirinin mühafizəçisi tərəfindən məhv edilib.
Növbəti terror aktı mayın 22-də Mançesterdə tanınmış amerikalı müğənni Ariana Qrandenin konsertində törədilib. Terrorçu-kamikadze Salman Abedi özünü konsert arenasında partladıb, nəticədə 12-si uşaq olmaqla, 22 nəfər ölüb.
İŞİD qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.