"Səhər tezdən və axşam saatlarında dəniz kənarında havada yod təbəqəsi yaranır ki, bu da insan orqanizmi üçün çox xeyirlidir".
Unikal.org-un məlumatına görə, bunu "Report"a Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasının terapevti, tibb üzrə fəlsəfə doktoru İbrahim Əfəndiyev bildirib.
Yodun antiseptik təsirə malik olduğunu deyən həkimin sözlərinə görə, qalxanvari vəzin xəstəlikləri zamanı yod çatışmazlığından əziyyət çəkən şəxslər mütəmadi olaraq dəniz kənarına getdikdə dərmana ehtiyac olmadan da sağala bilirlər. O bildirib ki, yod həm dəniz suyu, həm də havası vasitəsilə dəridən keçərək orqanizmə daxil olur.
Həkim dəniz suyunun insan üçün çox xeyirli olduğunu vurğulayıb: "Dəniz suyunun tərkibində olan duzlar, mikroelementlər bir çox oynaq xəstəliklərinin, sinir sisteminin, hətta dəri xəstəliklərinin sağalmasına kömək edir. Dəniz suyu təmiz olsun deyə, çimmək üçün şəhərdən bir qədər uzaq məsafə seçilsə, yaxşı olar".
İ.Əfəndiyev bildirib ki, günəşli hava çimmək üçün faydalı olsa da, günəşin qızmar vaxtlarında dənizə getmək zərərlidir: "Dənizdən çıxdıqdan sonra günəş şüaları dənizin suyunda olan bəzi mikrobları məhv edir. Ancaq günorta saatlarında dənizə getmək məsləhət deyil. Çünki bu saatlarda infraqırmızı şüalar çox olur və onlar dəniz suyunun tərkibində olan mikroblara təsir edə bilmir. Çünki infraqırmızı şüalar daha güclü sürətə malik günəş şüalarının keçməsinə mane olur".