Saatlı rayon sakini 1982-ci il təvəllüdlü Səmədov Fəqani Nəsir oğlu mərkəzi rayon xəstəxanasından şikayətçidir.
O, Unikal.org-a açıqlamasında bildirib ki, şəkər xəstəsi olan anasının dövlət tərəfindən pulsuz verilən dərmanlarını ala bilmir: "Anam 1958-ci il təvəllüdlü Səmədova Səbirə Müfəzzil qızı 2005-ci ildən şəkər xəstəsi olaraq Saatlı xəstəxanasında qeydiyyatdadır. Diabt xəstələri üçün dövlət tərəfindən verilən dərmanı Saatlı xəstəxanasından ala bilmirik. Bizə deyirlər ki, "dərman yoxdur, gedin hara istəyirsiniz şikayət edin. May ayının 11-də Səhiyyə Nazirliyinin "qaynar xəttinə məlumat vermişəm. 16 may tarixində Nazirliyə rəsmi məktubla müraciət etmişəm. Bir aydan çoxdur heç bir cavab verilmir. Bu gün "Qaynar xəttə yenidən müraciət etdim. Dedilər ki, məktublar şöbəsinə zəng edim. Bilmirik problemimizi kimə deyək. Dövlət tərəfindən pulsuz verilən dərmanlar niyə yoxa çıxmalıdır? Buna görə də dövlət başçısına müraciət edək? Bəs yerlərdəki məmurların işi nədən ibarətdir?.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Unikal.org-a bildirib ki, şikayətçi onunla əlaqə saxlasın.
Saatlı səhiyyə şöbəsinin rəhbəri Ələkbər Əkbərov gün ərzində telefonlara cavab vermədiyindən münasibət öyrənə bilmədik.
H.Babayev