Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında qanun layihəsi müzakirə edilib.
Unikal.org-un xəbərinə görə, parlamentdə hazırlanan yeni qanun layihəsi 13 maddədən ibarətdir.
Qanun layihəsi Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, Milli Məclis deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur.
Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməsinə qadağa qoyulması, eləcə də deputatların həmkarlarının sözünü kəsməsi qadağan edilir.
Eyni zamanda, layihəyə əsasən, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci və üçüncü oxunuşda qəbul edilib.