Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Etibar Bəkirov küçəsinin əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir.

"Azəravtoyol" ASC-dən unikal.org-a verilən məlumata görə, yenidənqurma işləri sözügedən küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1,9 km-lik hissəsində aparılır.

Layihə çərçivəsində küçənin eni 4-5 m-dən yerlərdən asılı olaraq 9-12 m-ə qədər genişləndirilib. Yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb.

Hazırda yolun asfaltlanması işlərinə start verilib. Ümumilikdə yolun asfaltlanması üçün 20 min kv.m sahəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Etibar Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1,5 m enində piyada səkiləri inşa edilib. Piyada səkilərinin salınması üçün 5 min p/m səki daşından istifadə olunub.

Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyyat keçidlər salınıb, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulub həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılıb.

Qeyd edək ki, asfaltlanma işləri tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərci xətlərinin çəklişi işləri aparılacaq.