Bakının Yasamal rayonunun "Sovetski adlanan ərazisində yaşayan bir qrup sakin "Hacı Cavad məscidinin köçürülməsi ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Unikal.org-un məlumatına görə, məktubda deyilir: "Biz Yasamal rayonu Ç. Mustafayev küçəsi 16 ünvanında yerləşən "Hacı Cavad məscidinin yeni ünvanda, müasir üslubda tikilməsini alqışlayır və hörmətli cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.

Hörmətli, cənab Prezident!

Hacı Cavab məscidi bizim "Sovetski sakinləri üçün çox əziz olub və qəlbimizdə xüsusi yer tutan dini ibadət yerlərimizdən biridir. Həmin məscidin yeni ünvanda tikilməsi Sizin "Sovetskidə yaşayan sakinlərə yüksək qayğınızın və hörmətinizin təzahürüdür.

Əlavə olaraq qeyd edirik ki, məscidin sökülməsi zamanı toplaşmağa cəhd göstərənlər bizə məlum olmayan və "Sovetskidə yaşamayan şəxslərdir.

Onların hansı məqsədlə toplaşmağa cəhd göstərmələri də bizə məlum deyil. Bir daha bizə göstərdiyiniz xüsusi hörmət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.