Unikal.org "Azərbaycan" qəzetinə istinadən Gəncə şəhər sakini Elşən Bağırovun şikayətini təqdim edir:
"Ölkəmiz inkişaf edir, bölgələrimizin siması aydan-aya, ildən-ilə dəyişir. Şəhər və kəndlərimizdə aparılan böyük abadlıq və yenidənqurma işləri insanların rahatlığını təmin etməklə bərabər, onların bir çox problemlərinin həllində başlıca rol oynayır. Bu baxımdan Şəmkir rayonu nümunə göstərilən rayonlardandır. Ancaq təəssüflər olsun ki, bəzən laqeydlik görülən işlərin üstünə kölgə salır...
Bu yaxınlarda yolum Gədəbəyə düşmüşdü. Məsafəni qısaltmaq üçün köhnə Gəncə-Şəmkir yolu ilə getməyi qərara aldım. Kaş getməyəydim. Gəncədən çıxar-çıxmaz peşman oldum. Əvvəllər gözəl və rahat olan bu asfalt yoldan əsər-əlamət qalmamışdı. Yol boyu dərin çalaların sayı-hesabı yox idi. Aşağı sürətlə birtəhər gəlib Şəmkirə yaxınlaşdım. Oradan Gədəbəy yoluna çıxanda yaşıllığa bürünmüş dağ və təpələrin ətəyində böyük bir ərazini əhatə edən zibil meydançası ilə rastlaşdım. Tullantıların iyindən baş gicəllənir, nəfəs almaq olmurdu.
Məni ən çox təəccübləndirən zibilxananın rayon mərkəzinin bir addımlığında olması idi. Yol boyu öz-özümə düşünürdüm ki, görəsən, bu vəziyyəti görən yoxdur? Təbii ki, var. Ancaq sadəcə olaraq tədbir görən yoxdur! Məncə bunun bir adı var - laqeydlik".