İran Azərbaycan gərginliyi
12:25 21-07-2012
İQTİSADİYYAT
İran Azərbaycan gərginliyi
İranın növbəti, "Ərəb baharı" fürsətçiliyi
2011-in əvvəlində İran yenidən başladı. Ərəb dünyasında baş verən inqilablarin çox tezliklə postsovet məkanına gələcəyini yəqin edib dərhal hərəkətə keçdi. Yenə Bakıda hicab məsələsi qalxdı, İran ayətullahlarınin, ictimai-siyasi xadimlərinin Azərbaycan dövlət rəhbərliyinə qarşı cıxış və fitvaları, İranın Azərbaycan ərazisinə yayımlanan "Səhər" telekanalının Azərbaycan dövlətçiliyinə qarşı sərt verilişləri və ictimai itaətsizliyə çaqırışları, düşmənimiz Ermənistanla sıcaq gediş-gəlişlərin, əlaqə-sazişlərin artması, Bakıda iranyönlü siyasi qurum və xadimlərin aktivləşməsi və s. Özü də bu kampaniya 2002-dəkindən daha təkmil, daha geniş və mütəçəkkil xarakter almışdı. Hiss olunurdu ki, İran bu son illərdə heç də, göründüyü qədər boş oturmayıb, Azərbaycan daxilində işini görübmüş.
Artıq, uzun illərdən bəri davam edən etimadsızlıq, soyuq, ikiüzlü, üzücü və gərgin "qonşuluq" münasibətindən sonra zaman sübut və tələb edirdi ki, Azərbaycan üçün bu məsələdə inqilabi çevrilişdən başqa yol qalmır. Güman ki, İranın Azərbaycan üzərində məkrli və qorxunc oyun aparmasını həm ölkə xüsusi xidmət-milli təhlükəsizlik orqanları, həm də Azərbaycanın bir dövlət kimi varlığında maraqlı olan xarici tərəfdaş dövlətlərin kəşfiyyat orqanları bu barədəki əsaslı faktları ortaya qoydular. Və dövlət bu yöndə öz konkret addımlarını atmağa başladı.
Qarşılıqlı münasibətlərdə inqilabi dönüş...
2011-ci ildə il boyu bu istiqamətdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qəti addımlar atıldı. Bir sıra ekstremizm və islam fanatizmi təbliğ edən şəbəkələr dağıdıldı, ölkədə təxribat törədə biləcək potensial aktiv iranyönlü qüvvələr zərərsizləşdirildi, onların maddi-maliyyə mənbələri qapadıldı, həbslər aparıldı və s. və i.
Bununla belə, İran geri çəkilmək istəmədi. 2012-nin baharı-"Evrovision" ərəfəsində bir daha aktivləşməyi yenu fürsət hesab etdi. Bakıda keçirilən kütləvi beynəlxalq mədəni tədbirə qarşı ermənipərəst antiazərbaycan koalisiyasına ciddi dəstək verdi. Ancaq tədbiri pozmaq və onunla birlikdə Azərbaycanı gözdən salmaq, ölkədə ictimai stress, qeyri-sabitlik yaratmaq mümkün olmadı. Ölkənin ictimai narazı təbəqəsinin əksər hissəsi tədbirin ümumazərbaycan xarakterli olduğunu nəzərə alaraq, etirazlarını səngidib sonraya saxladı. Hətta radikal müxalif qüvvələr bəzi ümumi dəyərləri unuda bilməyib bu dövrdəki aksiyalarını yarımhəvəslə, görüntü xatirinə etdilər.
İran qonşusuna qarşı bu pozucu tədbirlərə yalnız öz ərazisində, məsələn, Təbrizdə Azərbaycan Konsulluğu qarşısında müvəffəq oldu. Bir də, öz ictimai-siyasi xadimləri səviyyəsində təhdidli çıxışlarla bunu etdi. Nəticə isə, İran üçün yenə ağir oldu. Azərbaycan dövləti bu dəfə də naxələf qonşusuna qarşı qətiyyət və təpki göstərdi. İranın Azərbaycan məkanındakı maraq şəbəkəsinin son istinad nöqtələri də dağıdıldı.
Fikrimcə, Azərbaycan hüquq-mühafizə orqanları bu məsələdə bir qədər irəli gedib, həddi aşıb bəzi aidiyyətsiz, günahsız insanları, o cümlədən mətbuat nümayəndələrini də həbs ediblər. Çox yəqin ki, istintaq-məhkəmə orqanları sonrakı istintaq və məhkəmə prosesi dövründə aydınlaşma aparıb onları azad edər. Və iki-üç nəfərin əlavə həbsi ilə yəqin ki, bu qədər zəhmət və fədakarlıq hesabına aparılmış anti-iran təhlükəsizlik əməliyyatları prosesinə ləkə vurmazlar.
... və bərabərhüquqlu münasibətlərə keçid.
Beləliklə, Azərbaycan 20 illik güzəştlərdən sonra, nəhayət müstəqil dövlət olaraq qonşu İrana öz yerini göstərdi. Bildirdi ki, bərabərhüquqlu qonşu dövlətlər olaraq bizim bir-birimiz içərisindəki maraqlarımız adekvat, bərabər səviyyədə təmin olunmalıdır. Bundan sonrakı münasibətlərimiz yalnız qarşılıqlı maraqlar, adekvat hörmət və mehribançılıq əsasında davam edə bilər. Yəni: "Sən İranda müdafiə nazirimi qəbul edərkən, hörmətsizlik edib dövlətimin bayrağını tərsinə asarsansa və məni dövlət kimi aşağılamaq istəyirsənsə, bundan sonra eyni, adekvat cavabı da alacaqsan!"
Nəticə isə əlbəttə, 20 il özünəsərfəli qonşuluq status-kvosuna öyrəşmiş böyük qonşu-İranı təmin etmir. Bizə qarşı çox qıcıqlı və həssasdır. Sanki 30 illik ideloji ambisiyasındakı məğlubiyyətinin, baş tutmamış inqilabi strateqiyasınin acığını kiçik saydığı qonşu Azərbaycandan çıxmaq istəyir.
Xəzərin bölgüsündə yenidən sərt mövqe tutur. Xəzərin statusu barədə Türkmənistan-Azərbaycan münasibətlərini beynəlxalq məhkəmə müstəvisinə çəkirlər. İran tərəfdən dəniz və quru sərhəddə pozuntular intensiv xarakter alıb. İran tərəfdən siyasi təhdidli cıxışlar, aşağılayıcı atmaca, hədələr davam edir, KİV-ləri antiazərbaycan verilişlərini daha da gücləndirir.
Ancaq fərqli odur ki, bu dəfə Azərbaycan daxilindəki iranyönlü dəstəkçilərindən əvvəlki dəstək, cürət görünmür. Zərərsizləşdiriliblər. Neçə ildə bu məkana qoyduqları maya, müxtəlif məqsədli məsrəfləri batıb. Dünyaya "inqilab ixracı" siyasəti apardıqları digər ölkələrdə qarşılaçdıqları eyni uğursuzluqları kimi. Üstəlik də, bizə yaratdıqları bu iki şair problemindəki uğursuzluq!
İran iki gənc şairimizdən
nə umur?
Ötən 20 illik tarixə xronoloji ekskurslu analitik yanaşmamda İranın bizdən nə istədiyini və nəyi ala bilmədiyini aydın göstərməyə çalışdım. Ancaq İranda 2 aydır saxlanılan 2 şairimizin taleyi barədə bu ölkəyə təhqiqat səfərində olmuş şəxs kimi, bir məntiqli sualdan da yayınmaq olmur: Bəs, İran bizim iki gənc şairimizdən nə umur?
İranın iki gənc şairimizi günahsız həbs edib bunu rəsmi etiraf etməməsi, şair-vətəndaşlarımızla diplomatik nümayəndələrimizin, vəkillərin görüşünün təmin edilməməsi, onların barəsində ara-sıra müxtəlif qeyri-rəsmi xəbərlərlər yaymaqla Azərbaycan dövlətini və cəmiyyətini üzüntülü nigarancılıq və gərginlik vəziyyətində saxlaması xüsusi siyasi məqsəd daşıyır.
Iran hakimiyyət rejimi artıq o qədər cılızlaşıb ki, Azərbaycan vətəndaşları olan iki gənc şairi şeir festivalına dəvət etmək adı ilə faktiki oğurlayıb girov götürməklə siyasi oyun qurub. Bununla da, yaxın qonşusu Azərbaycana öz şərtlərini qəbul etdirmək fikrinə düşüb. Bununla da, Azərbaycanı təhdid edərək, burada öz əvvəlki üstün statusunu təmin etdirmək, ən azı, öz ifşa olunmuş casus-ekstremist şəbəkəsinin azadlıq və sərbəstliyinə nail olmaq məqsədi güdür. Həqiqət budur.
Azərbaycan bu şərtləri
qəbul edərmi?
Bəs şairlərin
taleyi necə olacaq?
Azərbaycan dövləti bu şərtləri qəbul edərmi? Düşünürəm ki, heç bir özünə hörmət edən dövlət buna getməz! İran hakimiyyəti anlaya bilmir ki, dünyada faktlar var ki, onlarca, hətta yüzlərcə vətəndaşı girov götürməklə belə, hansısa dövləti öz dövlətçilik mənafeyinə qarşı addım atmağa məcbur etdirmək mümkün olmur.
Bəs şairlərimizn taleyi necə olacaq? Şairlərimiz istənilən halda azad olunacaqlar. İran istəsə də, istəməsə də onları azad etməyə məcbur olacaq. Niyə? İran Azərbaycanla münasibətdə növbəti dəfə acınacaqlı səhv edib. Şairlərin həbsi ilə bağlı hüquqi prosedurlarda ciddi yanlışlığa, biabırçı qanunsuzluğa və bəşəri təməl hüquqları pozuntusuna yol verib. Həbs üzərində qurduğu cılız və çirkin oyun tam açılib və Azərbaycan ictimaiyyətinin narazılığına, kəskin etirazına səbəb olub.
Çox tezliklə bu etirazlar rezonans verib dünya birliyini, beynəlxalq müdafiə təşkilatlarını İrana qarşı qaldıracaq. Iran bu düşünülməmiş qeyri-sivil və qeyri-uzaqgörən hərəkəti ilə kəskin qınaqla üzləşəcək. O cümlədən xaricdə və İranda yaşayan coxsaylı Azərbaycan Türkləri və ümumiyyətlə bütün Türk Dünyası tərəfindən.
Bundan başqa çox yəqin ki, Azərbaycan hakimiyyəti də İranın bu görünməmiş özbaşınalığını cavabsız buraxmayacaq. İrana qarşı ictimaiyyətin bildiyi və bilmədiyi adekvat addımlarını atacaq və bəlkə də atır. Gedişat ona doğrudur ki, nəticədə İran bu hərəkətinə görə peşiman olub, özünün xasiyyətinə uyğun olaraq birdən-birə, heç nə olmamış kimi şair vətəndaşlarımızı azad edəcək. Bu son hadisələr İran üçün bir dərs olacaq və bununla da qonşusu Azərbaycana qarşı bütün ambisiya və imtiyaz hisslərindən əl çəkib normal, bərabər, adekvat qonşuluq syasəti tempinə öyrəşəcək.
Azərbaycanətrafı proseslər nəyi göstərir?
Bir az da, bütün bu, 20 illik Azərbaycanətrafı proseslərdən yaranan ümumi mənzərə barədə.
Biz 9 milyonluq kiçik (hələlik!) xalq olmaqla, yeni qurduğumuz kövrək bir dövlətlə, bizim müstəqilliyimizi 20 il ərzində belə, həzm edə bilməyən və bunu istəməyən böyük dövlətlər arasında yaşayırıq. Zaman sübut edir ki, hələ bu gün də müstəqilliyimiz və dövlətçiliyimiz üzərindən təhlükələr sovuşmayıb. Bu təhlükələr var, realdır. Bu təhlükələr başımızın neft bumuna, ondan gələn mənfəətə, bu mənfəətin yaratdığı ehtiras və maraqlarla dolu gündəlik həyatla qarışmasından asılı olmayaraq qalmaqdadır.
Bunun üçün, bizə vaxtikən silkələnib ayılmaq lazımdır. Böyük qüvvələr qarşısında duruş gətirib yerimizi möhkəmlətmək üçün bizə bütün dıgər siyasi, iqtisadi, hərbi və s. keyfiyyətlərlə birlikdə -güclü vətənpərvərlik, milli birlik və üstəgəl, qətiyyət və fədakarlıq heysiyyatı lazımdır. Yalnız bu cür fövqəl mənəvi durum hesabına biz böyüklər qarşısında kiçikliyimizi kompensasiya edib, davam gətirə bilərik. Bütün dünya-bəşər tarixində bu belə olub və başqa çıxış yolu da yoxdur.
Göstərilən mənəvi durumun mövcudluğuna mane olan əsas amil isə social-ictimai ədalətsizlikdir. Hansı ki, bizim ölkədə problemli dərəcədə ali yüksəliş səviyyəsindədir və biz ilk növbədə bunu aradan qaldırmalıyıq. Ədalətsizlik cəmiyyəti yaman şiş kimi tədricən içəridən yeyib çürüdür və həyatın bütün sahələrinə metastaz verir. Bütün digər mənəvi əyintilər, hətta korrupsiya və rüşvət, məmur özbaşınalığı və ümumi ictimai yaşayış qaydalarına kütləvi hörmətsizliyin kökü bu böyük ictimai bəlanın-ədalətsizliyin üzərindədir. Bu mənəvi xəstəlik tüğyan edən yerdə vətənpərvərlik, milli və dövlətçilik hissləri donur.
Biz buna hazır olmalıyıq.
Belə düşünürəm ki, inanıram, zaman da bunu göstərəcək ki, gec-tez biz bu neçə illərdəki yalançı arxayınçılıq hisslərimizi bir kənara qoyub, içimizdəki dərin koma durumunda yatmış qətiyyət və fədakarlıq amilinin oyanışına ehtiyac yaranacaq şəraitlə qarşılaşmalı olacağıq. Və biz buna hazır olmalıyıq, olmalı olacağıq. Bu yolda bizim bahalı ütülənmiş kostyumlatımız qırışlanmalı, fransız ətirli köynəklərimiz çırmanmalı, laklı-parıltılı ayaqqabılarımız çirkə, palçığa batmalı olacaqdır. Hələ, bəşər tarixində heç vaxt çal-oynasınla, tar-qavalla, eyş-işrətlə, öz qayğısız şəxsi yaşamına qapılmaq və bu geniş dünyaya vecsiz münasibətlə dayanıqlı və davamlı dövlət qurmaq mümkün olmayıb...
Beləliklə, İran bizdən nə istəyir? Əslində bizi sınağa çəkir, bizdən vətənpərvərlik, birlik, qətiyyət və fədakarlıq tələb edir. Bəlkə, belə olmalıymış, bu da bir vacib sınaqdır bizim üçün? Hansını ki, keçməliymişik və zaman-zaman keçməli olacağiq. Bəlkə, İranın bu təhdidləri və ona göstərilən təpkilər özü bir yoldur, prosesin tərkib hissəsidir Vahid Azərbaycan mücadiləsinin uğurlu sonucu üçün? Bəlkə, bununla zaman özü bütün azərbaycanlıları agah edir ki, 50 milyonluq bütövləşmiş iri Azərbaycan dövlətini bu qədər müxtəlif təhdidlər etməkdən çəkinər, ərazisinin 20 faizini işğal etməyə cürət etməzdilər?!
İlqar Altay
Digər Xəbərlər
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16