On bir ayın sultanı
12:26 21-07-2012
İQTİSADİYYAT
On bir ayın sultanı
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!"
(Əl Bəqərə surəsi, 183-cü ayə)
Islamın müqəddəs bayramları içərisində orucluq bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.
Islamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə "qədir" və ya "əhya" gecəsi deyilir. Qədir gecəsinin konkret olaraq hansı günə təsadüf edildiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər vardır. Amma ümumi fikir belədir ki, qədir gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir. Islamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Müqəddəs Qurani Kərimin "Qədir" surəsində qədir gecəsi haqqında belə yazılmışdır: "Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aydan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sübhdür".
Müqəddəs ayın
başlanması
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın".
Qeyd edək ki, müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Fitr və Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən yerinə yetirirlər. Ayın isə Günəşə və Yerə nisbətən vəziyyətindən asılı olaraq müxtəlif səhfələri (ayın görünən xarici tərəflərindən hər biri) olur. Bu səfhələrdən biri də hilaldır, yəni təzə aydır. Qurani Kərimdə deyilir ki, "(Ya Məhəmməd!) Səndən hilallar barədə soruşurlar. De: Bunlar insanlar və həcc üçün vaxt ölçüləridir". Insanlar vacib ibadətlərinə ayın hilalına əsasən əməl etmişlər: hilalı görəndə oruclarını başa vurmuşlar. Iki təzə ay arasında keçən müddət 29,5 orta Günəş gününə bərabərdir ki, bu da bir ay edir. Qədim ərəblər bunu vaxt vahidi kimi götürərək bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etmişlər.
Ay ili biri 29, digəri isə 30 gün sürən 12 aydan ibarətdir. Ay (qəməri) təqvimi də buradan yaranmışdır. Bu təqvimə əsasən ilin uzunluğu 354 gün sürür. Ikinci xəlifə Ömərin dövründə qərara alındı ki, tarixləri Məhəmməd peyğəmbərin (S.Ə.S) Məkkədən Mədinəyə hicrəti ilindən hesablasınlar. Beləliklə, Məhərrəm ayı ilə başlanan hicri-qəməri təqvimi yarandı. Bütün müsəlman ibadətlərinin, bayram və mərasimlərinin vaxtı bu təqvimə əsasən müəyyən edilir. Ay təqvimi Günəş təqvimindən 10-11 gün qısa olduğu üçün hər bir müsəlman ibadətinin tarixi işlətdiyimiz Günəş təqviminə nisbətən 10-11 gün irəli keçir.
Ay təqvimində də tarixlər sabitdir, bu tarixlər yalnız Günəş təqviminə nisbətən yerini dəyişir. Bizim Günəş təqviminə alışmış şüurumuz haradasa qeyri-müəyyənlik görür. Islam bayram və ayinlərinin müxtəlif fəsillərə təsadüf etməsində isə ilahi bir hikmət vardır.
Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.
Bu ayın
müqəddəs savaşı
Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çevrilir. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi udmaq, yeyib-içmək istəyir, pis vərdişlərin davamını diləyir. Inanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır.
Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar. Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (S.Ə.S) buyurur ki, Ramazan ayı gələndə isə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.
Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər. Orucu qəsdən pozanlar isə onun əvəzini tutmaqla yanaşı, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq, yaxud 60 yoxsulu yedirtməkdir. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Ramazan Bayramı
Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.
Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
"Qabusnamə"nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazır: "Ey oğul!... bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.
Ey oğul, bil və agah ol: orucluğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan, elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın".
Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. Amma digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. Islam qaydalarına əsasən yetkinlik yaşına çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bu ibadət ayini ilə bağlı Məhəmməd peyğəmbərin (S.Ə.S) xeyli hədisi vardır. Həmin hədislərin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa- o, Allah üçündür, əvəzini də Allah verir.
Zamandan zamana
Sovet hakimiyyəti dövründə İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin imanlı adamlar gizlicə də olsa, öz borclarını yerinə yetirirdilər. Bir çoxları isə vəzifə və iş yerlərini itirmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı.
Bu gündən ölkədə müqəddəs Ramazan ayı başlayıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası orucluq ibadətinin - Ramazan ayının başlanması ilə bağlı fətva verib. Onbir ayın sultanı mübarək Ramazan ayının ilk günü bu il iyulun 21-nə təsadüf edir. Bu gecə isə orucluğun niyyət gecəsidir. Təzə ayın görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə avqustun 19-na və ya 20-nə düşəcək.
Ramazan ayının birinci Qədr gecəsi - avqustun 7-dən 8-nə, ikinci- avqustun 9-dan 10-na, üçüncü qədir gecəsi- avqustun 11-12-nə , 4 qədir gecəsi isə - avqustun 15-dən 16 keçən gecəyə təsadüf edəcək.
Qafqaz Müsəlmanlarının rəsmi saytına isnadən Ramazan təqvimini oxucularımıza təqdim edirik.
1 Ramazan - (21 İyul) - 05:02 - 21:21
2 Ramazan - (22 İyul) - 05:03 - 21:21
3 Ramazan - (23 İyul) - 05:05 - 21:20
4 Ramazan - (24 İyul) - 05:06 - 21:19
5 Ramazan - (25 İyul) - 05:07 - 21:18
6 Ramazan - (26 İyul) - 05:08 - 21:17
7 Ramazan - (27 İyul) - 05:09 - 21:16
8 Ramazan - (28 İyul) - 05:11 - 21:15
9 Ramazan - (29 İyul) - 05:12 - 21:14
10 Ramazan - (30 İyul) - 05:13 - 21:13
11 Ramazan - (31 İyul) - 05:15 - 21:12
12 Ramazan - (1 Avqust) - 05:16 - 21:11
13 Ramazan - (2 Avqust) - 05:17 - 21:10
14 Ramazan - (3 Avqust) - 05:18 - 21:09
15 Ramazan - (4 Avqust) - 05:20 - 21:08
16 Ramazan - (5 Avqust) - 05:21 - 21:06
17 Ramazan - (6 Avqust) - 05:22 - 21:05
18 Ramazan - (7 Avqust) - 05:23 - 21:04
19 Ramazan - (8 Avqust) - 05:25 - 21:03
20 Ramazan - (9 Avqust) - 05:26 - 21:01
21 Ramazan - (10 Avqust) - 05:27 - 21:00
22 Ramazan - (11 Avqust) - 05:29 - 20:59
23 Ramazan - (12 Avqust) - 05:30 - 20:58
24 Ramazan - (13 Avqust) - 05:31 - 20:56
25 Ramazan - (14 Avqust) - 05:32 - 20:55
26 Ramazan - (15 Avqust) - 05:34 - 20:53
27 Ramazan - (16 Avqust) - 05:35 - 20:52
28 Ramazan - (17 Avqust) - 05:36 - 20:51
29 Ramazan - (18 Avqust) - 05:38 - 20:49
30 Ramazan - (19 Avqust) - 05:39 - 20:48
Allah ülfət ayı olan Ramazanın fəzilət və bərəkətlərindən hər birimizə nəsib etsin. Tutulan orucları, ibadət və duaları qəbul etsin!
Natiq
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17