Misir Mərdanova qarşı "dərslik çevrilişi"
11:00 24-07-2012
İQTİSADİYYAT
Misir Mərdanova qarşı "dərslik çevrilişi"
Təhsil naziri üçün yeni və qanqaraldıcı xəbər var
Azərbaycanda Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) üzvlərinin dərslik yazmaması və bu imkanın onların əlindən alınması təklif edilir. Bu isə faktiki olaraq onsuz da son bir ildə kifayət qədər səlahiyyətləri əlindən alınan təhsil naziri Misir Mərdanova növbəti zərbə vurulması deməkdir.
Qeyd edək ki, həmin təklifin kifayət qədər dəstəkçiləri var. Söhbət həm təhsillə məşğul olan ekspertlərdən, həm də ümumi ictimai əhval-ruhiyyədən gedir. Məsələn, "XXI əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev deyir ki, dərsliklərin DQŞ-nin üzvləri tərəfindən yazılması bu sahədə monopoliyanın yaranmasına gətirib çıxarır. Çünki bu halda müəlliflər öz dərsliklərinə özləri səs vermiş olurlar.
Digər tərəfdən təhsil naziri Misir Mərdanovun onlarla dərslikdə adının olması, onun dərslik müəlliflərindən biri kimi göstərilməsi də bu sahədə şəffaflığın təmin edilməsi zərurəti yaradıb. İctimai rəydə belə bir fikir hakimdir ki, təhsil nazirinin özünün saysız-hesabsız dərslik müəllifinə çevrilməsi dərsliklərin hazırlanmasının artıq konkret əldə cəmləşdirilməsindən, ciddi korrupsiya hallarına yol verilməsinin mümkünlüyündən xəbər verir.
Doğrudur, DQŞ-da səslənən fikirlərlə razı deyillər. Dünən mövzu ilə bağlı həmin qurumun sədri Elmina Kazımzadə bildirib ki, Şura üzvlərinin dərslik müəllifi olması dərsliklərin hazırlanması sahəsində monopoliya sayıla bilməz. Onun sözlərinə görə, bununla bağlı DQŞ-da çox ciddi siyasət həyata keçirilir. Dərslik müəllifi olan Şura üzvünün hazırladığı vəsait müzakirəyə çıxarılan zaman həmin üzv DQŞ-nin iclasında iştirak etmir. Onlar bununla öz hazırladıqları vəsaitləri qiymətləndirmə səlahiyyətlərindən də istifadə etmirlər. "Həmin vaxt Şura üzvünün DQŞ-nin iclasında iştirak etməyə haqqı yoxdur. Həmin mütəxəssis kifayət qədər peşəkar müəllifdirsə, onun dərslik yazmasında problem yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda dərslik yazanlar və onların qiymətləndirilməsində təcrübəsi olanların sayı çox deyil", - Kazımzadə bildirib.
Amma DQŞ sədrinin dedikləri kifayət qədər subyektiv məzmunludur və daha çox özünü bəraətə oxşayır. Fakt budur ki, Təhsil Nazirliyinin dərslik siyasəti şəffaf deyil və bu, artıq rəsmi səviyyədə də etiraf olunub.
Belə ki, bu günlərdə Hesablama Palatası Təhsil Nazirliyi sistemində aparılan yoxlamaların nəticələri ilə bağlı açıqladığı hesabatında qeyd edirdi adıçəkilən nazirlik tərəfindən büdcə vəsaitinə tələbat müəyyənləşdirilərkən bir sıra hallarda proqnoz layihələr əvvəlki il üzrə nəzərdə tutulan məbləğin təqribi artırlması hesabına tərtib edilib. İlin əvvəlinə olan qalıqlar isə nəzərə alınmayıb. Dərsliklərin nəşri, çapı və daşınması məqsədi ilə nəşriyyat-poliqrafiya müəssisələri ilə dərsliklərin nəşr və çap olunmasına qiymətlər müəyyənləşdirilməyib. 2008-2010-cu illərdə çap olunan dərsliklərin bir qismi təhsil müəssisələrinə yetişdirilimədiyi halda vəsait icraçıya tam ödənilib. 2008-ci ildə Dağıstanın Dərbənd şəhər Təhsil İdarəsinə çatdırmaq üçün ibtidai sinif dərsliklərinin ölkədən çıxarılması zamanı gömrük yük bəyannaməsi ilə rəsmiləşdirilməsi təmin edilməyib. Belə çıxır ki, dərsliklər qanunsuz olaraq ölkədən çıxarılıb. 20102011-ci tədris ilə üzrə 11-ci sinflər üçün "İngilis dili" dərsliyi tələbatdan artıq çap edilib, buna əks olaraq məktəblərdə dərslik çatışmazlığı aşkar edilib. Kitab çatışmazılığı yaratmaqla satış çıxarılan "İngilis dili" dərsliklərinə süni şəkildə tələbat yaradıblar.
İlk dəfə çap olunan dərsliklərə tələbatın düzgün proqnozlaşdırılmaması nəticəsində artıq xərclərə yol verilib. Ən ilginc olanı isə mətbəəsi olmadığı, habelə müqavilələrdə submüqavilə ilə sifarişin icrası nəzərdə tutulmadığı halda 2 nəşriyyatla dərslik və müəllimlərə vəsaitin çap edilməsi üçün razılıq əldə olunub. Həmin "yalançı" nəşriyyat-poliqrafiya müəssisəsiləri ilə bağlanan müqavilə əsasında büdcədən artıq vəsait ödənilib. Bu vaxt satınlama prosedurlarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə riayət olunmayıb. Bəzi hallarda tender məbləğinin kotirovkalara bölünməsi səbəbindən eyni hüquqi şəxsdən alınan eyni çeşidli malın qiyməti müxtəlif olub.
Bütün bunlar real vəziyyətin sadəcə, bir hissəsidir və əgər rəsmi səviyyədə Təhsil Nazirliyində dərsliklərlə bağlı belə neqativliklər dilə gətirilirsə, onda görün reallıqda durum bundan nə qədər pisdir. O da maraqlıdır ki, Hesablama Palatası dərsliklərlə bağlı Mərdanovun nazirliyində ciddi korrupsiya mahiyyətli faktlar açıqladıqdan sonra DQŞ üzvlərinin dərsliklər yazmaması və bu imkanın onlardan alınması təklif edilir. Yəni mümkündür ki, dərsliklər sayəsində yaranmış qeyri-şəffaf durum artıq bu istiqamətdə sərt tədbirlərə əl atılmasını zərurətə çevirib.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00