Səhiyyə Nazirliyinin müəssisələrində daimi yaşayış yeri üzrə əhaliyə tibbi yardım göstərməklə yanaşı, həmçinin daimi yaşayış yeri məlum olmayan şəxslərə tibbi yardım göstərir.
Səhiyyə Nazirliyindən unikal.org-a verilən məlumata görə, 2017-ci ilin ilk 6 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 334000 artıq ümumi müraciət daxil olmuşdur. Bu çağırışlardan 190 müraciət daimi yaşayış yeri məlum olmayan şəxslərlə bağlı olub.
Bakı Baş Səhiyyə İdarəsinin göstərişinə əsasən 2016-cı ilin iyun ayından etibarən daimi yaşayış yeri məlum olmayan şəxslər barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olduğu halda, həmin şəxs təcili tibbi yardım briqadası tərəfindən müayinə olunduqdan sonra ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq və rentgen müayinəsindən keçirilir. Müayinə nəticəsində hansısa bir xəstəlik aşkarlanarsa profil üzrə müvafiq xəstəxanaya yerləşdirilir.
Zərurət olduqda həmin şəxs toksikoloji müayinədən keçirilir və ona məsləhətlər verilir, sonra ehtiyac olarsa dezinfeksiya stansiyasına aparılaraq sanitar təmizləmə tədbirlərindən sonra birləşmiş şəhər xəstəxanalarından birinə yerləşdirilir. Daimi yaşayış yeri məlum olmayan şəxsin hansı xəstəxanaya yerləşdirilməsi Bakı Baş Səhiyyə İdarəsi tərəfindən əvvəlcədən verilmiş qrafikə əsasən həyata keçirilir.
Daimi yaşayış yeri məlum olmayan şəxsdə ruhi pozğunluq aşkar edilərsə, ərazi prinsipinə əsasən müvafiq psixiatrik xəstəxanaya, vərəm xəstəliyi aşkar edildiyi halda isə vərəm əleyhinə dispanserə yerləşdirilir.