Lerikdə oğurlanan 8 ədəd nadir tapıntı tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova məlumat verib. Onun sözlərinə görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində nadir tapıntılar Gürdəsər kəndi ərazisində aşkarlanıb.
M. Rəhimova bildirib ki, materiallara hər hansı bir ziyan dəyməyib. Direktor qeyd edib ki, istintaq sirri olduğu üçün hadisəni törədənin kimliyi haqda məlumat verilmir.
Qeyd edək ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş qəbirlərdən 8 ədəd nadir tapıntı oğurlanıb.
Rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisindəki qəbirlərdən 3 ədəd heyvan formalı qab, 1 ədəd qara rəngli qab, 1 ədəd tunc qab, 1 ədəd muncuq və 2 ədəd qara rəngli nazik məftildən boyunbağı yoxa çıxıb.
Nadir tapıntıların oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb. Lerik rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 183.1-ci (xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları talama) maddəsi ilə cinayət işi açılıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir