Göyçay Rayon İcra Hakimiyyəti rayonun mərkəzi bazarını bağlayıb. İllərdir burada ticarətlə məşğul olan şəxslərə icra başçısının yeni açdığı bazara köçmək təklif olunub. Lakin bu təkliflə və şərtlərlə razılaşmayan ticarətçilər bu gün səhər bazarın daşla hörülən qapısını dağıdıblar.
Unikal.org xəbər verir ki, bu barədə virtualaz.org-a şikayətçilər özləri məlumat veriblər. Onların sözlərinə görə, icra başçısının göstərişi ilə öz yerlərindən məcburi şəkildə çıxarılırlar: "Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonda digər bir ünvanda təzə bazar açıb və bizə də hələ bir neçə ay əvvəldən ora köçmək təklif olunub. Amma orada alver eləmək bizə sərf eləmir. İllərdir burada ticarətlə məşğuluq, yerimizdən narazılığımız yoxdur. Dünən axşam da gətirib bazarın girişini daşla hörüblər. Biz niyə öz yerimizdən didərgin düşməliyik ki?" - sakinlər şikayət edirlər.
Şikayətçilər bildirirlər ki, dəfələrlə icra hakimiyyətinə etiraz etsələr də, onları dinləyən olmayıb. Bu gün Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gəlsələr də, şikayətçilər onları qovublar.
Problemi araşdırmaq üçün Göyçay Rayon İcra Hakimiyyətinin birinci müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ədalət Dövlətovla əlaqə saxlasaq da, heç bir məlumat əldə edə bilmədik. Məlum oldu ki, rayonda baş verən proseslərdən icra hakimiyyətində xəbərsizdirlər. "Mənim bu barədə heç bir məlumatım yoxdur", - deyə icra rəsmisi bildirdi.