Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının həyata keçirdiyi reyd zamanı kobud qayda pozuntusuna yol verən 350-dən artıq sürücü cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Nərimanov rayonu ərazisində saxlanılan "Mersedes" markalı avtomobilin sürücüsü məsuliyyətdən yayınmağa çalışaraq nəqliyyat vasitəsini qoyaraq qaçmağa üstünlük verib. Avtomobildə olan sürücünün qohumu isə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına daş parçası ilə hücum etməkdən belə çəkinməyib.
Qeyd edək ki, sərxoş sürücünün idarə etdiyi avtomobildə sərnişin qismində azyaşlı uşaqlar da olub. Bu isə onu deməyə əsas verir ki, yol polisi həmin sürücünü vaxtında müəyyən edib yol hərəkətindən kənarlaşdırmaqla bu ailəni böyük bir faciədən xilas edib. Çünki, sükan arxasına spirtli içki qəbul edərək əyləşən sürücünün qəza törətmək riski artır.
Reyd zamanı digər bir sərxoş sürücü Nizami rayonu ərazisində saxlanılıb. "Lexsus" markalı bu avtomobilin sahibi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücü barəsində müvafiq protokol tərtib edilib.
Reyd zamanı polisin qanuni saxlama əmrinə tabe olmayaraq avtoxuliqanlıq hərəkətləri edən sürücülər də müəyyən edilib. Belə sürücülərdən biri Xətai rayonu ərazisində polisə tabe olmayaraq idarə etdiyi "Daewoo" markalı avtomobillə qaçmağa cəhd etsə də görülən tədbirlər nəticəsində o saxlanılıb. Araşdırma zamanı sürücü Minar Qəhrəmanovun avtomobili spirtli içki qəbul edərək idarə etdiyi məlum olub. Sürücü sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün tibb məntəqəsinə aparılsa da, o müayinə olunmaqdan da imtina edib.
Qeyd edək ki, əgər sürücü sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina edirsə bu birbaşa olaraq onun içkili vəziyyətdə sükan arxasında əyləşdiyinin sübut edir və onun barəsində protokol tərtib edilir.
Reyd zamanı sutkanın qaranlıq vaxtında motosikletlərə əlavə səsgücləndirici vasitələr quraşdıraraq insanların istirahətinə maneçilik törədən sürücülər də saxlanılıb. Belə motosiklet sürücülərindən biri Nadir Rzayev saxlanılan zaman onun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına müdaxilə edərək kustar üsulla düzəltdirdiyi məlum olub.
Reyd zamanı barələrində elektron qaydada tərtib edilən cərimələri ödəməyən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbir görülüb.
Görüntülərdən məlum olur ki, sürücülərin polisə hücum hallarına da rast gəlinib.