Azərbaycan Prezidenti İlham Əliyev Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, Sərəncama əsasən, Samux rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri üçün 2 milyon manat, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Samux rayonunun sosial-iqtisadi həyatında əhəmiyyətli dəyişikliklər baş verib, əsas kapitala yönəldilmiş vəsait 25,6 dəfə, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 68,1 dəfə artıb, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, "Yenikənd və "Samux elektrik yarımstansiyaları, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, Ağır Atletika İdman Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 44 mənzilli 2 yaşayış binası inşa edilib, təhsil ocaqları və digər sosialyönümlü obyektlər istifadəyə verilib, iri istehsal və emal müəssisələri yaradılıb, 12 mindən çox yeni iş yeri açılıb, qırx min nəfər əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 60,5 kilometr olan kəndlərarası avtomobil yolları tikilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.