"Təəssüf ki, AGB təşkilatı Azərbaycanda öz üzərinə düşən məsuliyyəti dərk etmir və lazımi investisiyanı qoymaq istəmir"
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin "Report"a müsahibəsi.
- Azərbaycan televiziyalarında yayımlanan verilişlərin keyfiyyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan teleməkanındakı mövcud vəziyyət ümumən qənaətbəxşdir. Ancaq bu sahədə görüləcək işlər həddən artıq çoxdur. Yerli televiziyalarda, xüsusilə özəl telekanallardakı mövcud vəziyyət, verilişlərin keyfiyyətinin aşağı olması bizi narahat edir.
Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblər əsasən Azərbaycanın reklam bazarındakı vəziyyətlə bağlıdır. Bəzən özəl telekanallardakı verilişləri Türkiyə, Rusiya televiziyalarındakı proqramlarla müqayisə edirlər. Amma həmin ölkələrdəki reklam sahəsindəki vəziyyəti nəzərə almırlar. Bu ölkələrdə serialların, şou-biznes verilişlərinin çəkilişinə sərf olunan xərclər arasındakı fərq bizimki ilə müqayisədə yerlə-göy qədərdir. Bu səbəbdən də yerli telekanallardakı mövcud vəziyyət ürəkaçan deyil. Azərbaycanda reklam sahəsində vəziyyət iqtisadi durumla da bağlıdır. Son illərdə bütün dünyada mövcud olan iqtisadi çətinliklər ölkəmizə də bu və ya digər formada təsir göstərir.
Bundan başqa, özəl telekanalların kadr problemi də narahatlıq doğuran amillərdəndir. Ancaq dövlət büdcəsindən maliyyələşən televiziya kanallarındakı vəziyyət fərqlidir. Bu sahədə sadəcə bir az dinamiklik, çeviklik axsayır.
Əvvəlki illərə nisbətən özəl kanallarda da qanun pozuntuları xeyli azalıb. Onların həm efir mədəniyyəti, həm də dillə bağlı mövcud vəziyyət əvvəlki illərə nisbətən yaxşıdır. Ancaq bu sahədə görüləsi o qədər işlər var ki...
Bundan başqa, telekanallarla bağlı insanların düşüncəsində heç bir dəyişiklik baş verməyib və onlar vəziyyətin bərbad olduğunu düşünürlər. Ümumiyyətlə, telekanalların verilişlərində, filmlərdə, seriallarda bayağılıq yalnız bizim ölkəmizə yox, bütün dünyaya xas olan xüsusiyyətdir.
- Hazırda reklamla bağlı problemin həlli telekanallardan asılı deyil. Ona görə də çox vaxt maarifləndirici verilişlərin reklam cəlb etməməsi məsələsi gündəmə gətirilir və nəticədə şou xarakterli verilişlərin sayı artır. Bunun qarşısını necə almaq olar?
- Telekanalların reklam probleminin həlli ölkədəki iqtisadi inkişafla bağlı məsələdir. Ancaq bizim də üzərində çalışdığımız müəyyən layihələr var. Reytinq ölçən təşkilatların fəaliyyətindəki qeyri-şəffaflıq, qeyri-sağlam münasibətlər bizi narahat edir. Çünki həmin reytinq ölçən təşkilatlar daha çox şou-bizneslə bağlı verilişlərə üstünlük verir, daim onları reytinqli göstərirlər. Bu ölçmənin kim tərəfindən, hansı təbəqə arasında aparılması da sual altındadır. Axı onların işi necə apardıqlarını heç kəs bilmir. Adi bir otaqda oturmaqla özləri də bu məlumatları çox asanlıqla verə bilərlər. Heç kəs onları yoxlamır, fəaliyyətlərinə nəzarət etmir, hansı insanlar arasında sorğuların keçirildiyi bilinmir.
Biz bununla bağlı müəyyən işlər görürük və gələcəyə hesablanmış planlarımız, məqsədlərimiz var. Azərbaycanda AGB (Nielsen Media Research) adlı təşkilat reytinq ölçürdü. Rəqəmsal yayıma keçdikdən sonra bu iş arxa plana keçib. Onlar az vəsait qoymaqla böyük gəlir əldə etməyə çalışırlar. Bu da doğru deyil. Onlar rəqəmsal yayıma keçdikdən sonra piplmetrlərin sayını artırmalıdırlar. Bakı şəhərində əvvəlki illərdə 200, ölkənin digər rayonlarında da 200 piplmetrlə reytinq ölçürdülər. Bununla da reklamı bölüşdürürdülər. Amma rəqəmsal yayıma keçdikdən sonra bu proses tamamilə azaldı, çünki onlar analoq yayım üzrə ölçmə işini aparırdılar. İndi rəqəmsal yayım yalnız kabel şəbəkələri üzərindən həyata keçirilir. Kabel şəbəkələri da bütün ölkəni əhatə etmir. Yalnız Bakı şəhərində, Sumqayıt və Gəncədə var. Ona görə də bunların reytinq ölçmələrində problemlər mövcuddur. Bu problemləri görürük və bununla bağlı müraciətlərimiz var.
Təəssüf ki, AGB təşkilatı Azərbaycanda öz üzərinə düşən məsuliyyəti dərk etmir və lazımi investisiyanı qoymaq istəmir. Bu işi Azərbaycanın öz sərmayəsi ilə görmək istəyirlər.
Ümumiyyətlə, bu cür təşkilatlar yalnız bizdə deyil, başqa ölkələrdə də böyük problemlər yaradıblar. Ona görə də tez-tez həmin təşkilatları dəyişirlər. Biz də çalışacağıq ki, bu sahədə müsbət istiqamətdə müəyyən dəyişikliklər olsun.
- Telekanalların kadr probleminin olduğunu deyirsiniz. Bu problemi necə həll etmək mümkündür?
- Bu məsələyə digər problemlərlə birlikdə nəzər yetirmək lazımdır. Özəl telekanallarda mövcud vəziyyət - verilişlərin keyfiyyətinin aşağı olması, daha çox bayağı və toyxana stilində proqramlara üstünlük verilməsi narahatlıq doğurur. Telekanalların bunu bilərəkdən etdiyini düşünmürəm. Çünki bu gün onların bacardıqları budur.
Kadr problemi ciddi məsələdir. Xüsusilə televiziya aparıcıları çox ciddi şəkildə ölçülüb-biçildikdən sonra işə qəbul olunmalıdırlar. İstər mətbəx, istər şou-biznes, istərsə də intellektual xarakterli verilişləri aparan hər bir şəxs geniş dünyagörüşünə malik olmalı, mövzunu, Azərbaycan ədəbi dilinin normalarını yaxşı bilməlidir. Əks təqdirdə tamlıq pozulur, verilişdə yeknəsəklik, cansıxıcılıq yaranır. Tamaşaçılar aparıcının bu cür danışığını görəndə narazı qalırlar. Nəticədə digər ölkələrin telekanallarını seçirlər.
Təbii ki, yaxşı kadrların yetişdirilməsi birtərəfli iş deyil. Bu proses orta məktəbdən, ali təhsil müəssisələrindən başlayır və ictimai həyata gəlir. Kadrların hazırlanması kompleks yanaşma tələb edən və zamanla həllini tapacaq bir məsələdir.
- Nuşirəvan müəllim, rəqəmsal yayıma keçid prosesi yekunlaşıb. Bu sahədə hansısa problemlər varmı?
- Ümumiyyətlə, rəqəmsal yayıma keçid texniki məsələdir. Artıq bununla bağlı heç bir problem yoxdur. Bəzi telekanallar verilişləri daha da keyfiyyətli yayımlamaq üçün avadanlıqlarını yeniləyirlər. Artıq dünya ölkələrində bu yeniliklər tətbiq olunur. Çünki sistemdən geri qalsan, fəaliyyət göstərə bilməyəcəksən. ATV və "Xəzər" telekanalları bu istiqamətdə xeyli iş görüblər. Digər televiziyalar da maddi vəziyyətləri yaxşılaşdıqca bu cür işləri görəcəklər. Tezliklərdən istifadə edən telekanallar böyük maddi vəsait xərcləyirlər. Əgər maddi vəsait olarsa, verilişləri daha yüksək keyfiyyətdə yayımlaya bilərlər.
- Bu gün Azərbaycan telekanallarında narahatlıq yaradan amillərdən biri də ədəbi dilin normalarının pozulmasıdır. Bununla əlaqədar mütəmadi olaraq monitorinqlər də keçirirsiniz. Məişət dilinin telekanallara geniş şəkildə yol açmasına münasibətiniz necədir?
- Sovet dövründə televiziya kanallarında əsasən akademik tərzdə danışılırdı, xalq danışığına icazə verilmirdi. Bu da ifratçılıq idi. Ancaq müstəqillik dövründə başqa bir formada ifrata vardıq. Bu dəfə də daha ədəbi dildə danışmırıq, xalq, məişət dilində danışırıq. Təbii ki, bunların birini digərindən ayırmaq deyil, balansı saxlamaq lazımdır. Xalq danışıq dili daha çox verilişə dəvət olunun tamaşaçıların dilində özünü göstərir. Tamaşalarda, filimlərdə, sənədli filmlərdə ola bilər. Amma aparıcının nitqində məişət dili, xarici dil təsirlərininin ifadə olunması doğru deyil. Artıq qloballaşan dünyada böyük dövlətlərin dilləri bizim kimi ölkələrin xalqlarının dillərinə təsir göstərir. Ona görə də özünümüdafiə metodunu seçməli, müqavimət göstərməliyik. Bu müqaviməti də əsasən ziyalılar göstərməlidirlər. Təəssüf ki, ziyalılarımız da bu məsələyə laqeyd yanaşırlar, hətta bəzən ana dilində fikilərini ifadə edə bilmirlər. Bu məsələlərin qorunmasında televiziyaların rolu, məsuliyyəti böyükdür. Çünki insanlar onlara baxıb nümunə götür, təqdim olunan hər şeyi doğru hal kimi qəbul edirlər. Ona görə də televiziya aparıcıları, rejissorları, verilişi hazırlayan şəxslərin Azərbaycan ədəbi dil normalarını bilməsi vacibdir. Ümumiyyətlə, irqindən, dinindən asılı olmayaraq, Azərbaycan vətəndaşı, bu ölkədə yaşayan hər kəs dövlət dilini bilməlidir. Təəssüflər olsun ki, ölkədə bu sahədə ciddi problemlər var. Bəzi məmurlarımız, bəstəkarlarımız rus dilində danışırlar. Hətta muğənnilərimiz belə Azərbaycan dilində oxumalarına baxmayaraq, bəzən fikirlərini rus dilində ifadə edirlər. Bunlar çox narahatlıq doğuran amillərdəndir.
- Bir neçə il əvvəl yerli teleserialların çəkilişi üçün dövlət tərəfindən vəsait ayrıldı. Artıq bu gün telekanallar seriallarla bağlı müəyyən bir çığır açmağa nail olublar. Bəs bu sahədəki çatışmazlıqlar nədən ibarətdir?
- Azərbaycan dövləti seriallarla bağlı maliyyə vəsaiti ayırarkən qarşıya bu sahədə canlanma yaratmaq məqsədini qoyulmuşdu. Bizim istəyimiz gənclərin xarici ölkələrin serialları əsasında deyil, milli seriallar əsasında formalaşması, yerli seriallarımızın olması idi. Bu sahəyə dəstək üçün birdəfəlik maliyyə yardımı ayrıldı. Belə hesab edirəm ki, serial sahəsində canlanma yaratmaq istəyimizə nail olduq. Əvvəlki mərhələdə həddindən artıq çox serial çəkilirdi, onların da keyfiyyəti narahatlıq doğururdu. Çünki çox aşağı səviyyəli idi. Amma yüksək keyfiyyətli seriallar üçün də çox vəsait lazımdır. Qonşu ölkələrdə - Türkiyədə və Rusiyada reklamın baha olduğunu qeyd etdim. Bu ölkələrdə reklamın bir dəqiqəsi 40-50 min dollar arasındadırsa, bizdə 1000 dollar da deyil. Verilişlərin keyfiyyəti də reklama uyğun olur. Amma son zamanlar "Xəzər", ATV telekanalları öz vəsaitləri hesabına yeni seriallar çəkirlər. Bu da irəliləyişdir. Dövlət bu məsələni araşdırır, əgər zərurət yaranacaqsa, biz buna yenidən qayıdacağıq. Amma bildiyiniz kimi, bu məsələlər bazar münasibətləri ilə tənzimlənməlidir. Sponsorları sahibkarlar tapmalı, pullu şəxslər bunu etməlidirlər. Bir müddət sonra ölkəmizdə də istədiyimiz kimi olacağına inanıram. Vaxtilə yalnız Braziliya seriallarına baxırdıq, daha sonra Türkiyə, ardınca da öz serillarımıza keçdik. Azərbaycan iqtisadi baxımdan inkişaf etdikcə bu sahədə irəliləyiş olacaq.
Təəssüflər olsun ki, serialların özündə də müəyyən problemlər var. Axı serialların maarifləndirici rolu da olmalıdır. Məsələn, Türkiyə seriallarında xoşuma gələn məqamlardan biri idarə etmək üçün avtomobilə oturan şəxsin ilk növbədə kəmərini bağlamasıdır. Bu da hər bir insana maşına əyləşərkən belə etməli olduğu mesajını verir. Bundan əlavə, avtomobildə telefonla danışılmaması. Amma təəssüflər olsun ki, Azərbaycanda seriallar çox vaxt mənfi istiqamətdə mesajlar verirlər. Hətta daha çox kriminal mövzuya yer verilir. Seriallarda dil məsələsi də ürəkaçan deyil. Lakin bu problem yalnız aktyorlarımızda deyil, məmurlarımızda, ziyalılarımızda da var. Təəssüf ki, qızıl ortanı tuta bilmirik. Bağçalarda, məktəblərdə dilin saflaşdırılması istiqamətində iş aparıldıqca cəmiyyətə də sirayət edəcək. Cəmiyyət bu məsələdə sağlamlaşdıqca isə problemlər həllini tapacaq.
- Uşaq verilişlərinə, cizgi filmlərinə tələbatı ödəmək üçün hansı işlər görülməlidir?
- Azərbaycanda uşaqlarla bağlı verilişlərin, cizgi filmlərinin azlığından narahatıq. Uşaqlarımız xarici cizgi filmlərə bax-baxa tərbiyə olunurlar. Ona görə də yerli cizgi filmlərinin istehsalının artmasını çox istərdik. Əvvəllər belə bir tövsiyə vermişdik ki, birbaşa vəzifələri olmasa da, hər televiziya kanalı çalışıb ildə bir cizgi filmi çəksin. Hər telekanal on il ərzində bir cizgi filmi çəksə, on ildə yüz cizgi filmi edir. Belə olsa uşaqlarımız daha xarici ölkələrin cizgi filmlərinin təsiri ilə tərbiyə olunmayacaqlar.
Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi uşaq televiziyası yaratmaq üçün çox çalışır. Bilirsiniz ki, hər sahəyə aid (dini, təhsil, gənclik və s.) bir televiziyanın yaradılması Azərbaycan kimi ölkələr üçün xarakterik deyil. Telekanalların açılması real istəkdir. Amma bunun auditoriyası, bazarı olmalıdır. Artıq iki idman kanalı açmışıq. Azərbaycan kimi ölkə üçün idman kanalı ağır yükdür. Amma dövlət idmana, mədəniyyətə xüsusi diqət yetirdiyindən belə bir ağırlığı üzərinə götürüb.
Əvvəllər Qubada "Qütb" TV adı ilə fəaliyyət göstərən televiziya kanalı funksiyasını dəyişib. Artıq "Günəş" TV adlanır və uşaqlar üçün verilişlər yayımlayır. Biz hətta həmin telekanalı belə bir hüququnun olmasına baxmayaraq, kabel şəbəkəsinə yerləşdirdik. Beləliklə, telekanal Bakı ərazisində də yayımlanır. Bu sahədə irəliləyişlər olmasını istəyirik. Əgər "Günəş" TV özünü formalaşdıra, tam doğrulda biləcəksə, gələcəkdə bütün ölkə miqyasında uşaq televiziyasına çevrilməsi məsələsinə baxıla bilər.