Ekspert Ərşad Hüseynov son günlər məmur uşaqlarının vüsət alan kriminal əməllərinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, iri məmur uşaqlarının rezonans doğuran kriminal əməllləri sistemli xarakter alıb: "Hətta onları, xüsusən onlara aid nəqliyyat vasitələrini xüsusi təhlükə mənbəyi kimi fərqləndirənlər də çoxalır. Məncə, bununla bütün istiqamətlərdə səmərəli mübarizə olmalıdır. İlk növbədə qanun çərçivəsində. Yaxşı presedent yaradılmalıdır ki, əsl xəbərdaredici effekt versin.
Məsələn, cinayət və cinayət-prosessual qanunvericilikdə belə bir qəti tələb var ki, konkret kriminal hadisəni araşdıran müstəntiq, prokuror və ya hakim onun törədilməsinin səbəb və şəraitini də aydınlaşdırmalıdır (CPM-in 221-ci maddəsi və s.). Bu zaman həmin səbəb və şərait fərqli hüquq pozuntuları ilə bağlı olduqda, onlar da müvafiq hüquqi prosedurlara uyğun araşdırılmalı və onlara da hüquqi qiymət verilməlidir. Qanunun bu tələbi konkret hal üçün o deməkdir ki, həmin gülbalaların avtomobil kolleksiyasının mənbəyi, onların belə dəbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır.
Əminəm ki, bu edilsə, həmin şəxslərin avtomobil kolleksiyasının müsadirəsindən tutmuş onları hərtərəfli himayə edərək gülbalaya döndərənlərin korrupsiya cinayətlərində ittiham edilməsinədək çox şeyə şahid olarıq".