"Avtomobilinizin sığortası bitmək üzrədir, təklif edirik ki, növbəti dəfə avtomobilinizi bizim şirkətdə sığortalayasınız
"Sizi su filtri şirkətindən narahat edirik, gəlib mənzilinizdə filtr quraşdırmaq istəyirik ki, daha keyfiyyətli sudan istifadə edəsiniz
"Mağazalarımızda 70 faiz endirim başlayıb, bu fürsətdən yararlanmağınızı təklif edirik və s.
Yəqin ki, bu tipli zənglərlə, yaxud SMS-lərlə hər gün sizi narahat edirlər. Fərqi yoxdur, günün istənilən saatında bu baş verə bilər.
İstirahət zamanı xaricdə olarkən belə zənglərdən, SMS-lərdən bezara gələcəksiniz. Çünki informasiya əsrində yaşadığımız üçün hər gün istər KİV-lərdən, istərsə də sosial mediadan kifayət qədər məlumat əldə edirik. Bu informasiyalardan əlavə, şəxsi telefona göndərilən başqa məlumatlar isə abunəçilərdə istər-istəməz böyük qıcıq və narahatlıq yaradır. Ən əsası isə istehlakçı hüquqları pozulur.
İnsanları narahat edən bu sosial problemin həllinə isə artıq ciddi şəkildə ehtiyac və sifariş yarandığı hiss edilir.
Unikal.org xəbər verir ki, "Qafqazinfo mövzu ətrafında, problemin həlli istiqamətində hansı işlərin görülməli olduğu barədə bir neçə şəxsin mövqeyini öyrənib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili İlham Məmmədov bildirib ki, insanlar bu gün Kütləvi İnformasiya Vasitələrindən, sosial şəbəkələrdən aldığı informasiyalarla yükləniblər:
"Əlavə informasiyalar insanlarda böyük qıcıqlar əmələ gətirir. Bu dediyiniz halla mən özüm də rastlaşıram. Hər gün demək olar ki, müxtəlif şirkətlərdən günün ayrı vaxtlarında telefonumuza SMS-lər, zənglər daxil olur.
Bu problem barədə Milli Məclisin deputatları bir neçə dəfə məsələ qaldırıblar. Bildirilib ki, insanların dincəldiyi vaxtda, yaxud səhər, axşam saatlarında bu tip zənglər onların telefonlarına gəlir. Əgər bu gün media bu halları görüb yüksək səviyyədə qiymətləndirirsə, deməli, artıq məsələnin ictimailəşməsinin vaxtı çatıb. Bu artıq sosial sifarişdir. Hesab edirəm ki, növbəti parlament sessiyasında bu təkliflər veriləcək. Çünki məsələnin hüquq müstəvisində tənzimlənməsinin vaxtı və zamanıdır.
Millət vəkili qeyd edib ki, problemin hüquq müstəvisində həlli o deməkdir ki, qanun yaradıcılığı prosesində məsələ ilə bağlı müəyyən təkliflər olacaq: "Qeyd olunacaq ki, hansı mesajların göndərilməsi, zənglərin edilməsi qadağandır. Çünki bu istehlakçının hüqununu pozur. Təbii ki bu barədə mütəxəssislər də öz fikirlərini bölüşməlidir ki, bunu hansı formada həll etmək olar. İnsanlar özləri müxtəlif mənbələrdən informasiya aldığına görə, bu proses könüllü şəkildə olmalıdır. Ayrı-ayrı operatorların onsuz da müxtəlif xidmətləri var. Hər bir adamın ondan yararlanması onun şəxsi istəyi əsasında olmalıdır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də deyib ki, son dövrlər abunəçinin telefonuna onun razılığı olmadan göndərilən reklam xarakterli zənglərin, sms-lərin tənzimlənməsi ilə bağlı bir sıra addımlar atılıb: " Yəni, həm "Reklam haqqında, həm "Telekommunikasiya haqqında , eyni zamanda cərimələrin artırılması ilə bağlı qanunvericiliyə xeyli dəyişikliklər oldu. Əslində isə bu prosesdə bir neçə qurum iştirak edir. Yəni bu təkcə mobil operatorla bağlı problem deyil.
Mobil operatorla müqavilə əsasında fəaliyyət göstərən kontent şirkətlər var. Çünki mobil operatorların heç biri birbaşa bununla məşğul deyil. Onlarla işləyən çoxlu sayda X şirkətlər var. Həmin şirkətlər mobil operatorlarla müqavilə bağlayırlar və istifadəçilərin telefonlarına müxtəlif mesajlar göndərirlər. Digər tərəfdən kontent operatorlarla müxtəlif şirkətlər arasında müqavilə bağlanılır.
Bizim apardığımız monitorinqlər də onu göstərir ki, bu üç qurum arasında olan münasibətlərin tənzimlənməsini yetərli hesab etmək olmaz.
Onun sözlərinə görə, müxtəlif şirkətlərdə abunəçilərə aid telefon bazası toplanılır: " Belə ki, supermarketlərdə, geyim mağazalarında siz qeydiyyatdan keçirsiniz və nömrəniz orada qeyd olunur. Sonradan bu telefon nömrələrinin üçüncü tərəfə verilməsi baş verir ki, bu artıq qeyri-qanunidir. Düşünürəm ki, bu telefon nömrələrinin üçüncü tərəfə verilməsi ilə bağlı qanunvericiliyin yenidən təkmilləşdirilməsinə ehtiyac var. Kütləvi olaraq bu reklam xarakterli məlumatların göndərilməsi ilə bağlı cərimələrin də artırılmasına ehtiyac var.
Belə də olur ki, abunəçi bilmədən hansısa xidmətə abunə olur. Ancaq operator abunəçiyə dərhal xidmətdən imtina ilə bağlı normal şərait yaratmalıdır.
Vətəndaşlar isə bununla bağlı İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, telefon nömrələrinin necə verilməsi ilə bağlı mobil operatorlara, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinə, o cümlədən məhkəməyə də müraciət edə bilər.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərilib.
Sorğuya cavab olaraq bildirilib ki, "Telekommunikasiya haqqında qanunun 50-1.-ci maddəsinə və "Reklam haqqında qanunun 23.1-ci maddəsinə uyğun olaraq, telekommunikasiya operatoru və provayderi reklamverici ilə bağlanılan müqavilə əsasında reklam yayımlaya bilər. Eyni zamanda, operator və provayder abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər.
Abunəçinin razılığı olmadan və ya "Reklam haqqında qanunun müddəalarına zidd olan reklamın göndərilməsi üçün operator və provayder məsuliyyət daşıyır.
Mobil telefon nömrələrinə abunəçilərin razılığı olmadan reklam və çaşdırıcı xarakter daşıyan zənglərin və SMS-lərin gəlməsi ilə əlaqədar vətəndaşlar tərəfindən nazirliyə daxil olan müraciətlər aidiyyəti üzrə baxılaraq araşdırılması, cavablandırılması, istehlakçıların hüquqlarının pozulması ilə nəticələnən halların aradan qaldırılması və müvafiq tədbirlər görülməsi üçün mütəmadi olaraq aidiyyəti operatorlara göndərilir.
Eyni zamanda, mövcud qanunvericiliyin tələblərinin, eləcə də istehlakçıların hüquqlarının pozulması ilə nəticələnən belə xidmətlərin dayandırılması ilə əlaqədar Nazirlik tərəfindən hər üç mobil operatora xəbərdarlıq məktubları göndərilib.
Problemin əsas qaynağı olan operatorlara, yəni, Azercell və Bakcell şirkətlərinə göndərdiyimiz sorğulara isə cavab verilməyib.