Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-40, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.

Avqustun 28-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 102 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 10,5 m3/s olmaqla, ongünlük normanın 15 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 27 m3/s təşkil edərək ongünlük normanın 39 faizinə bərabər olub.

Avqustun 28-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2 sm, Salyanda 3 sm, Bankədə 4 sm, Araz çayının Novruzlu məntəqələrində 1 sm azalma, Surra məntəqəsində isə suyun səviyyəsində 3 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 354 sm (2016-cı il avqustun 28-də 365 sm), Salyanda 143 sm (2016-cı il avqustun 28-də 144 sm), Bankədə 179 sm (2016-cı il avqustun 28-də 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 54 sm (2016-cı il avqustun 28-də 70 sm) təşkil edir.