Ramiz Həsənovdan Allahşükür Paşazadə yeni "halal zərbəsi"
11:15 26-07-2012
İQTİSADİYYAT
Ramiz Həsənovdan Allahşükür Paşazadə yeni "halal zərbəsi"
QMİ-nin sertifikat verdiyi müəssisələrin məhsulları artıq "halal" deyil
Artıq Qafqaz Müsəlmanları İdarəsinin yazılı zəmanət məktubu, yaxud hansısa din xadiminin reklamda çəkilişi halal adı altında satılan kolbasa məhsulu üçün yetərli olmayacaq. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Mənsim Babayev deyib ki, halal markası altında məhsul istehsal edilməsi üçün mütləq sertifikatlaşdırma orqanından sertifikat almaq əsas şərt olacaq.
Mənsim Babayev bildirib ki, belə bir sertifikat almadan halal adı altında məhsul istehsal edərək bazara çıxarmaq mümkün olmayacaq. Çünki avqustun 1-dən halal standartlarının tətbiqi ilə əlaqədar halal məhsullar üzərlərində xüsusi markalar olmaqla bazara çıxarılacaq. Bu markaları saxtalaşdırmaq mümkün olmayacaq. Mənsim Babayev onu da qeyd edib ki, başqa yollarla istehlakçıları aldatmağa, guya halal məhsullar istehsal etdiklərini reklam etməyə çalışan müəssisələr aşkarlanacaq və inzibati qaydada cərimələnəcəklər.
Azərbaycan Standartlar İnstitutunun direktoru Rauf İsmayılov isə bildirib ki, bu gün yerindən duran halal məhsul istehsal etdiyini söyləyir: "Ancaq artıq belə olmayacaq, halal məhsul istehsal etdiyini sübut etməlisən. Dövlət Komitəsi halal məhsulların standartlarını, necə istehsal edilməli olduğunu, həmin məhsulu necə saxlamaq və satışını necə təşkil etmək lazım olduğunu müəyyənləşdirib. Halal məhsul istehsal etmək istəyən müəssisə ilk öncə sertifikatlaşdırma orqanına belə sertifikat almaq üçün müraciət etməlidir. Sertifikatlaşdırma orqanı da həmin müəssisədə halal məhsul istehsalı şəraitini qiymətləndirərək sertifikat verə bilər. Başqa halda istehlakçını aldatmaqla bağlı qanunla məsuliyyət müəyyənləşdirilir".
Qeyd edək ki, mətbuatın apardığı araşdırmalar zamanı Azərbaycanda kolbasa istehsalı üçün yetərli mal-qara potensialı olmadığı, ətin əsasən, Hindistandan gətirildiyi üzə çıxmışdı. Halal adı altında məhsul edən şirkətlərin təmsilçiləri iddia etmişdi ki, onlar Hindistanda olublar, o müəssisələrdə heyvanlar islam qaydalarına uyğun kəsilir.
Azərbaycanda kolbasa istehsalı üçün yetərli mal-qara potensialı olmadığını da etiraf edən Rauf İsmayılov isə bildirib ki, halal kolbasa və ət məhsulları istehsal etmək üçün xaricdən gətiriləcək ətə tələb qoyulacaq: "Başqa sözlə, bu ətin halallığı ilə bağlı həmin ətin gətirildiyi ölkənin müvafiq sertifikatı olmalıdır. Bu sənəd Azərbaycanda qəbul ediləcək, deyilənlər yox. Əgər sertifikatı yoxdursa, ondan halal ət məhsulunun istehsalında istifadə edilə bilməz. Digər tərəfdən, yalnız sertifikatlaşdırma orqanı istehsal prosesi və texnologiyanın halal məhsul istehsalına nə dərəcədə uyğun olub-olmadığına qərar verə bilər, Qafqaz Müsəlmanları İdarəsi yox".
Onu da deyək ki, Qafqaz Müsəlmanları İdarəsi "Zəhmət-Ruzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin və Gəncədə fəaliyyət göstərən "Halal Qida" şirkətinin məhsullarının halal olmasına zəmanət verib. Bu günlərdə isə "Yeni Dad" kolbasa məhsullarının halal olması ilə bağlı bir din xadiminin iştirakı ilə hazırlanmış reklamlar KİV-lərdə geniş yayılıb.
İndi isə belə görünür ki, QMİ rəisi Allahşükür Paşazadədən "halallıq" alan müəssisələrin həmin sertifikatları da ləğv ediləcək. Sözügedən müəssisələrin məhz Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən sertifikat alması qaçılmaza çevrilib.
Bir sözlə, Paşazadənin "halal" sertifikatı verməsi artıq tamamilə tarixə qovuşub və bu məsələdə bütün səylərinə rəğmən QMİ rəisinin Ramiz Həsənovun komitəsinə məğlubiiyyəti rəsmiləşib. Qafqaz Şeyxi son anadək "halal" sertifikatını rəhbəri olduğu qurumun verməsini istəyirdi, ən azı, bu işdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bərabər səlahiyyətlərə malik olmağa çalışırdı. Artıq əminliklə demək olar ki, bu istək alınmadı.
Ramiz Həsənovun komitəsinin isə "halal" sertifikatlarının verilməsində üzərinə düşən vəzifəni necə yerinə yetirəcəyini tezliklə görəcəyik.
Murad Can
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00