Rusiya Dövlət Dumasının Liberal Demokrat partiyasından olan deputatı Valeri Seleznyovun oğlu, ABŞ-da 27 il müddətinə azadlıqdan məhrum edilmiş Roman Seleznyov yeni cinayətlərini etiraf edib.
Unikal.org-un RBC-ya istinadən xəbərinə görə, bu barədə ABŞ-ın Corciya ştatının prokurorluğu açıqlama yayıb.
Bildirilir ki, Seleznyov 2008-ci ildə banklara elektron ödənişlər üçün onlayn xidmətlər göstərən "RBS Worldpay" şirkətinin sistemini sındırmaq barədə təklif aldığını etiraf edib. Bundan sonra kiberhücumda iştirak edərək, 2 milyon dollardan çox vəsaitin nağdlaşdırılmasında iştirak edib.
Prokuror Con Horn Seleznyovun bu cinayətdə ortağı olmuş şəxslərin dünyanın harasında olmasından asılı olmayaraq, tapılaraq məsuliyyətə cəlb ediləcəyini bəyan edib.
Qeyd edək ki, rusiyalı haker 3 milyona yaxın kredit kartının nömrələrini oğurlayaraq ümumilikdə ABŞ-a 170 milyon dollar zərər vurub. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi R. Seleznyovun "Track2 niki ilə fəaliyyət göstərdiyini və ABŞ-ın müxtəlif dövlət idarələrinin, o cümlədən Finiks zooparkının saytlarını "sındırdığını açıqlayıb. O, həmin saytlardan kredit kartları barədə məlumatları oğurlayaraq daha sonra satırmış. R.Seleznyovun axtarışına 2011-ci ildən başlanıb. Həmin il o, 140 min kredit kartının məlumatlarını ələ keçirib və onların satışından 2 milyon dollar qazanıb.
R.Seleznyov 2014-cü ilin iyulunda istirahət etdiyi Maldiv adalarında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb və bu il məhkəmənin hökmü ilə 27 il müddətinə azadlıqdan məhrum edilib.