"Dağlıq Qarabağdakı vəziyyətin dəyişməsi artıq günün yox, saatın, anın tələbidir. Əvvəlki illərdən fərqli olaraq Azərbaycan danışıqlarda özünü daha qətiyyətli hesab edə bilər və bu da bizə qarşı yeni tələblərin səslənməsi ilə başa çatar. Azərbaycanlılarla türklər arasında əlaqələrin intensivləşməsini, üstəlik Cənubi Qafqazda Rusiya ilə ABŞ arasındakı qarşıdurmanın şiddətlənməsini də nəzərə almalıyıq. Belə şəraitdə mütləq şəkildə qabaqlayıcı addımlar atmalı, türklərin fəallaşmasına yol verməməli, ən başlıcası isə ABŞ rəhbərliyini Ermənistan və Dağlıq Qarabağın mövqelərinə uyğun siyasət yürütməyə sövq etməliyik".
 
Bu sözlər ABŞ-dakı erməni icmasının ən böyük, nüfuzlu diaspor təşkilatlarından olan Amerika Erməni Milli Komitəsinin (Armenian National Committee of America, ANC) direktoru Aram Hamparyana məxsusdur. 
O, dünən Los-Anceles şəhərində ABŞ-dakı erməni təşkilatlarının rəhbərlərinin görüşündə belə deyib. Görüşdə hələlik şərti adı ermənicə "Araçarkum em isun" ("Gəlin, yarıbayarı ödəyək") adlı müzakirələr aparılıb. 

Müzakirələrdə Birləşmiş Ştatlardakı erməni diaspor təşkilatlarının təmərküzləşmiş fəaliyyətə başlamaları barədə qərar qəbul olunub. Həmin qərarın leytmotivi Azərbaycana təzyiqlərin artırılmasına nail olmaq üçün ABŞ və Avropa Birliyindəki təsir imkanlarının aktivləşdirilməsi, ən başlıcası isə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlarda Ermənistan üçün əlverişli şərtlərin, habelə üstün mövqelərin təmin edilməsi üçün "real addımlar"ın atılmasıdır.
Görüşdə "Armenian American Political Action Committee" (AAPAC), "Amerika Erməni Assmbleyası" (Armenian Assembly of America, AAA) və "Erməni Gənclər Federasiyası" (Armenian Youth Federation, AYF) təşkilatlarının rəhbərləri də iştirak ediblər.

Aprelin 1-də Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük müharibə" başlayandan sonra Birləşmiş Ştatlardakı erməni diasporu və xüsusilə də lobbi təşkilatları Dağlıq Qarabağdakı separatçı rejimin mövqelərinin çox zəif olduğuna bir daha əmin olublar.

Hərbi əməliyyatlarda həlak olan erməni hərbçilərin tam əksəriyyətinin Ermənistan Silahlı Qüvvələrinin mənsubları olması da diaspor təşkilatlarının illərdən bəri apardıqları təbliğatın məhvərini təşkil edən "Dağlıq Qarabağda qarabağlı ermənilər vuruşurlar" fikrinin əslində təbliğat məhsulu olduğunu göstərdi.
Bunu "Ermənistan Gənclər Federasiyası"nın rəhbərliyi də etiraf edib.
"Döyüşlərdə həlak olanların, demək olar ki, hamısı Ermənistan vətəndaşlarıdır. Bu isə o deməkdir ki, ya qarabağlı ermənilər həddən artıq yaxşı vuruşurlar və azərbaycanlılar onları hədəfə ala bilmirlər, ya da əksinə, qarabağlı ermənilər vuruşmur, yaxud vuruşa bilmirlər, onların əvəzinə ön cəbhədə Ermənistan vətəndaşları və müxtəlif ölkədən Qarabağa yollanmış ermənilər döyüşürlər. 
Fikrimizcə, sonuncu variantlar daha ağlabatan təsir bağışlayır. Belədirsə, Dağlıq Qarabağa hərbi potensialın və müdafiə imkanlarının artırılması üçün göndərilən maliyyə vəsaitinin xərclənməsinə daha ciddi nəzarət olunmalı, qarabağlı ermənilərin döyüş hazırlığı bir daha nəzərdən keçirilməlidir", - "Ermənistan Gənclər Federsiyası"nın ABŞ-ın Nyu-Cersi ştatındakı bölməsinin, "Arsen" təşkilatının rəhbəri Kris Kristi deyib.

Onun sözlərinə görə,  ABŞ-da və Avropa ölkələrindəki erməni təşkilatlarının səylərini birləşdirərək Azərbaycana qarşı "yeni siyasi-ideoloji müharibəyə başlamağın vaxtı çatıb".
"Amerika Erməni Milli Assambleyası" da hesab edir ki, ABŞ-dakı ermənilər "Azərbaycanın siyasətinə və fəaliyyətinə qarşı daha fəal" olmalıdırlar.

Nyu-York ermənilərinin tanınmış simalarından olan Hrayr Canpoladyan görüşdə deyib: "Biz bu gündən savaşa başlayırıq və bunu artıq bilməliyik, hər birimiz anlamalıyıq. Qarabağda yalnız qarabağlı ermənilərin yox, Ermənistanın taleyi həll olunur. Belə vəziyyətdə bütün dünyadakı ermənilər yaşamlarını siyasi müharibə, ideoloji savaş rejiminə keçirməlidirlər. Qarabağı hər gün, hər an düşünməliyik".

ABŞ-dakı erməni diaspor təşkilatlarının çağırışına Avropa Birliyi ölkələri və Rusiyadakı erməni strukturlarının da qatılacaqları gözlənilir. Səbəb çox sadədir: ermənilərin gözləntilərinin tam əksinə olaraq, Vaşinqtonla Bakı arasındakı münasibətlər gərginləşməyib, ABŞ Konqresində və Senatında erməni lobbisi ilə çox sıx əlaqələri olan konqresmenlərlə senatorların hazırladıqları, Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qanun layihələri "asılı" vəziyyətdə qalıb, "ən pisi" isə Dağlıq Qarabağdakı "dördgünlük müharibə" ermənilərin aşkar məğlubiyyəti ilə başa çatıb.
Erməni diasporunun "yeni savaş" isteriyasının hər hansı formada uğur əldə edəcəyi isə şübhəlidir.
 
Milli.az